"Oyunumuz yaxşı alındı. Məncə, "Səbail"lə olduğu kimi oynadıq, sadəcə, həmin görüşdə bəxtimiz gətirməmişdi. Keçən həftə təhlükəli hücumları qola, üstünlüyümüzü qələbəyə çevirə bilməmişdik, bu gün isə çevirdik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına açıqlamasında deyib.
Topaz Premyer Liqanın XIX turunda dünən "Sabah" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edən təcrübəli yarımmüdafiəçi artıq xal itirmək limitinin dolduğunu söyləyib:
"Bizim üçün hər oyunda qalib gəlmək vacibdi. "Səbail”lə "Zirə”ni də məğlub etməliydik. Çox şadam ki, nəhayət, qalib gəldik. Artıq xal itirməyə haqqımız yoxdu. İnanıram ki, qələbənin ardı gələcək”.
Mahmudov "Sabah"ın qapısına vurduğu baxımlı qoldan da danışıb: "Təbii ki, "doqquzluğ”u boş görüb oranı nişan aldığımı deyə bilmərəm. Yaxşı zərbə endirmək üçün uyğun vəziyyət idi. Əsas yaxın küncə düşmək lazım idi, amma çox yaxşı zərbə alındı və top qapıya "doqquzluq”dan daxil oldu".
Kapitan sonda azarkeşlərə təşəkkür edib: "Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq, azarkeşlərimizin bu gün də bizi dəstəkləməyə davam etməsi çox gözəldi. Buna görə onlara minnətdaram".
Fanat.Az