"Deyiləcək çox şey yoxdur. Bizim adımıza ən pisi qolu özümüzün vurmasıdır. Qalib gəlməyi hədindən artıq istəyirdik. Çox heyf ki, alınmadı”
Bunu "Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda evdə "Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis oyunda edilən əvəzetmələrdən danışıb: "Həmdinin oyuna girməsi, daha doğrusu əvvəlcədən olmaması bizə pis təsir edir. İki günlük məşqdən sonra onun bizə verə biləcəyi 25-30 dəqiqə var idi. Ancaq risk alıb oynatdıq. Bilal təkbətək mübarizələrdə çox yaxşı oyunçudur. Qapanan komandaya qarşı faydalı olur. O da pis oyun göstərmədi. Bu gün xal itirməyimiz bizi çox üzdü".
Abasov Pərdis Fərcad-Azadın heyətdə olmamasını isə belə şərh edib: "Pərdisin heç bir səhvi yoxdur. Biz hücum xəttimizi iki yeni oyunçu ilə gücləndirmişik. Pərdisə demişdik ki, planlarımıza daxil deyilsən. Onsuz da bir çox oyunçu məşq edir, sadəcə, maaş alır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumuzdur. Özü bu durumdan razıdırsa, bunu ondan soruşun”. (Sportnet.az)
Fanat.Az