"Qəbələ”nin hücumçusu Rauf Əliyev qardaşının hakim Nahid Xasıyevə hücum etməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Futbol+” qəzetinin əməkdaşı ilə söhbətində forvard tərəflərin artıq barışdığını deyib.
- Qardaşın Ramil Əliyevin Mini Futbol Liqasının 23-cü turunda "Sabko” – "Qala Sığorta” oyununda hakim Nahid Xasıyevə fiziki təzyiq göstərməsi səs-küyə səbəb oldu. Nə baş verib?
- Nə bilim, vallah. Deməyə söz tapmıram. Həvəskar çempionatlarda bəzən belə hallar yaşanır. Adi epizod idi, sadəcə, əsəblərinə hakim ola bilmədi və belə xoşagəlməz vəziyyət yarandı. Olub keçdi, Allaha sükür, elə bir problem yoxdu.
- Olub keçdi deyirsən, amma hadisəylə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlanıb.
- Məsələ həllini tapıb. Görüşdə özüm də iştirak etdim. Nahidlə Ramil barışdılar, hər şey qaydasındadı. Qardaşım da öz səhvini başa düşüb. Sadəcə, əsəblərinə hakim ola bilmədiyinə görə vəziyyət bu həddə çatdı. Özü də dedi ki, belə olmasını istəməzdim.
- Dişinin dibindən çıxanları dedin qardaşına?
- Ramil məndən böyükdü. Artıq nəsə deməyim düzgün olmazdı. Əsas odu ki, səhvini başa düşüb, Nahidlə görüşüb həll etdilər.
- Ramili özündən nə çıxarmışdı? Qırmızı vərəqə, yoxsa söyüş olub?
- Xırdalıqlara varmadım. Hər nə olubsa da, qardaşım düz etməyib. Hamımız azərbaycanlıyıq, bu vətənin balalarıyıq. Nahid də qardaşımızdı. Üstəlik, futbol adamlarıyıq. Xoş hal deyil.
Xatırladaq ki, fevralın 27-də keçirilən "Sabko” - "Qala Sığorta” oyununda meydan sahiblərinin futbolçusu Ramil Əliyev matçın hakim Nahid Xasıyevə qarşı fiziki güc tətbiq edib və nəticədə oyun 23-cü dəqiqəsindən etibarən dayandırılıb.
Xasıyev özü isə Ramil Əliyevdən şikayətçi olmayıb. Gənc hakim Əliyevin ailə vəziyyətini, azyaşlı övladının olmasını nəzərə alıb və ona hücum edən futbolçunun ağır cəzalandırılmasını istəməyib.
Fanat.Az