Gəncənin "Kəpəz” komandası hazırda tarixinin yaxşı günlərini yaşamır.
AFFA-nın sonuncu Hesabat Konfransında qurumun baş katibi Elxan Məmmədov "Kəpəz”in Müşahidə Şurasında növbəti mövsüm üçün dəyişikliklərin olacağının anonsunu vermişdi. Dünən Nizami yurduna səfər edən Gənclər və İdman naziri Azad Rəhimov da "Kəpəz”in elitaya mümkün dönüşündən danışmış, bunun üçün sponsorların cəlb olunmasının vacibliyini vurğulamışdı.
Maraqlıdı ki, AFFA-nın "Kəpəz”ə göndərdiyi səlahiyyətli nümayəndələr də bir-birinin ardınca etimadı itirirlər. Mikayıl Nərimanoğlunun aqibətini İslam Abbasov da yaşadı. Hazırda onunla bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Bu yaxınlarda AFFA tərəfindən Gəncə klubunun Müşahidə Şurasına göndərilən Vaqif Sadıqov da ilk günlər olduğu qədər fəal və həvəsli görünmür.
Təyinat aldığı ərəfədə "Kəpəz” harda mən də orda olacam”, "Fevralın əvvəlində Gəncəyə yollanacam” deyən Sadıqov hələ də vədlərini yerinə yetirməyib. Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin də üzvü olan Sadıqov işlərinin çoxluğunu bəhanə edir, "Kəpəz”lə bağlı sualları isə aqressiv qarşılayır.
Gəncədə isə növbəti mövsüm "Kəpəz”in premyer-liqaya qaytarılmasını gözləyirlər. AFFA-nın kadrlarının özünü doğrultmaması, kənar sponsorların AFFA-nın nəzarətində olan kluba yaxın durmaq istəməməsi vəziyyəti dəyişib. Artıq "Kəpəz”in xilası üçün yeni model hazırlanır və klub AFFA-nın nəzarətindən çıxacaq. Düzdü, "Kəpəz”in büdcəsinin müəyyən hissəsi yenə də AFFA-dan gələn pullar hesabına formalaşacaq. Müşahidə Şurasında söz sahibi isə gəncəli veteranlar, xüsusən də Mehman Allahverdiyev olacaq. Baş məşqçi vəzifəsinə isə Mahmud Qurbanovun gətirilməsi gözlənilir.
sport7.az