Milli komandanın qarşıdakı oyunları ilə əlaqədar olaraq Topaz Premyer Liqasında XXI turun oyunları eyni gündə baş tutacaq. Bu isə yayımla bağlı müəyyən problemlər yaradır.
Belə ki, çempionatın yayım hüququna sahib olan "CBC Sport" turun iki qarşılaşmasını - "Səbail" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" görüşlərini canlı efirə verəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı (pfl.az) isə "Zirə" - "Keşlə" matçını azarkeşlərə təqdim edəcək. "Sabah" - "Sumqayıt" oyununu isə canlı izləmək mümkün olmayacaq.
Düzdü, "CBC- Sport" iki əsas qarşılaşmanı efirə verəcək. Amma yayımlanmayan qarşılaşma turnir cədvəlinin sonuncu pillələrinin taleyini həğll edə biləcək matçlardan biridi. Onun yayımdan kənarda qalması isə yaxşı hal deyil.
Hazırda ölkədə iki idman telekanal fəaliyyət göstərir və belə problem yarandığı vəziyyətlərdə sonuncu qarşılaşmanın yayım hüququnu "İdman Azərbaycan" kanalına vermək olardı. Bu halda azarkeşlər sonradan boyat lent yazısını izləmək məcburiyyətində qalmaz, matçı canlı izləmək imkanı olardı. Necə ki, eyni addım avrokubok oyunlarında atılır. Belə ki, Çempionlar Liqasının və Avropa Liqasının yayım hüququna "CBC Sport" sahibdi. Amma kanal özünün yayımlamadığı oyunları efirə vermək hüququnu "İdman Azərbaycan"a verir.
Məsələ ilə bağlı "İdman Azərbaycan"ın direktor əvəzi Siyavuş Əliyevlə əlaqə saxladıq. Telekanal rəsmisi bildirdi ki, müraciət olacağı halda oyunu yayımlaya bilərlər: "Biz qarşılaşmanı yayımlamağa hazırıq. Təklif olsa, həmin matçı efirə verə bilərik".
PFL-in Mətbua və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə onların hansısa kanala müraciət etmək hüququ yoxdu: "Biz bir oyunu yayımlayacağıq, "CBC Sport" başqa iki qarşılaşmanı. Çempionatın yayım hüququ "CBC Sport"a məxsusdu. Buna görə də bizim oyunu yayımlamaq üçün başqa kanala müraciət etmək hüququmuz yoxdu. Bunu kanallar öz aralarında həll etməlidi".
"CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov isə bildirdi ki, müraciət olunsa, bu məsələyə baxa bilərlər: "Çempionatın yayım hüququ bizim kanala məxsusdu və bu teleziyanın məhsulu sayılır. Yayımla bağlı bizə müraciət edən olmayıb. Müraciət olunsa, fikirləşərik".
Fanat.Az