Berti Foqtsun “Böyükağa Hacıyevin fikrincə, yığmamız Estoniya və Qırğızıstan əvəzinə “Neftçi” və “Qarabağ”la oynasaydı, daha yaxşı olardı. Siz bu fikirləri necə şərh edərdiz” sualına verdiyi cavab diqqətdən yayına bilməzdi. Qoca almanın düşüncəsinə görə, “Neftçi”nin sabiq çalışdırıcısı yığmanın rəqiblərinə qarşı hörmətsiz davranıb. Əslində isə AFFA-nın şah başmağına çevirdiyi adam “bunu yalnız futboldan başı çıxmayanlar söyləyə bilər” deməklə, özü həmkarına qarşı hörmətsizlik edib.
2008-ci ilin yazından yığmanın “sükanını fırladan” əcnəbi cəsarətlə dilə gətirilmiş həqiqəti həzm etməkdə çətinlik çəkib. 2012-ci ilin yayında Avroliqanın qrupuna vəsiqə qazanan “ağ-qaralar”ın tarixi ilkə imza atmasında pay sahibi olan Hacıyevin bundan artığını da deməyə ixtiyarı var. Danışmağa haqqı olmayan almanın Böyükağa bəyin gerçək iradının qabağında söz tapmaması faktdı. Tapsaydı, sağlam məntiqə söykənən bir-iki kəlmə işlədərdi. Foqts elə bir ölkənin vətəndaşı, elə bir xalqın nümayəndəsidi ki, həqiqətin harda başlayıb yalanın harda bitdiyini müəyyənləşdirməyə bilməz. Berti müəllim özlüyündə azərbaycanlı mütəxəssisin haqlı olduğunu gözəl dərk edir. Sadəcə, belə desək, söhbəti fırlatmağa çalışıb, o da alınmayıb. Duzlu gülləsi hədəfi dağıdana əhsən! Bax buna mənəvi nokaut deyirlər!
Doğurdan da dünyanın bir başından vurub o biri başına getməklə, 2 oyun keçirmək AFFA-dakıların uğursuz siyasətinin real nümunəsidi. Həm rəqib seçimləri gülüncdü, həm də hər iki matçın səfərdə oynanılması. Hərçənd milli Kamran Ağayevsiz, Əfran İsmayılovsuz və Rəşadlarsız da 6 aydanbir qol sevinci yaşayan estonlara yenilməli deyildi. Qırğızlara gəlincə, bu yığmanı “Sumqayıt” da əzər. Özü də böyük hesabla!
Fanat.az