Martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda Azərbaycanı qəbul edəcək Xorvatiya yığmasında heyətlə bağlı problemlər var.
Fanat.Az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində ilk matçını təmsilçimizə qarşı keçirəcək "dama-damalar”ın çalışdırıcısı Zlatko Daliç heyəti qurmaqla bağlı çətinlik çəkir.
Daliçi daha çox qapı və müdafiə xəttindəki problemlər qayğılandırır. "Aston Villa"nın qolkiperi Lovre Kaliniç millidə əsas qapıçı olsa da, klubundakı durumu qənaətbəxş deyil. O, sonuncu dəfə bir ay əvvəl klubunda meydana çıxıb. Oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, çalışdırıcının çərçivəni məhz Kaliniçə etibar etməsi gözlənilir.
Müdafiə xəttindəki durum isə daha acınacaqlıdı. Şime Vrsalika, Yosip Pivariç, İvan Ştriniç və Tin Yedvay zədəli olduğu üçün komandadan ayrı qalıb. Müdafiənin dirəyi Deyan Lovren isə həm zədəli, həm də cəzalıdı. Daliç yığmamızla görüşdə arxa xətdə cəmi 1 əsas heyət üzvünü meydana buraxa biləcək ki, bu, Domaqoy Vidadı. Ona Due Çaleta-Çar tərəfdaşlıq edəcək. Müdafiənin sol cinahında Marin Leovats və ya Borna Barişiçin, əks cinahda isə vinger Yosip Brekalonun mövqe tutacağı güman edilir.
Mərkəzdə İvan Rakitiç - Marselo Brozoviç - Luka Modriç üçlüyünün yer alacağı məlumdu. Andrey Kramariç "nizənin sivri ucuna qoyulacaqsa”, İvan Perişiçlə Ante Rebiç müvafiq olaraq sol və sağ cinahlarda üzərinə düşəni etməyə çalışacaq. Hərçənd o vaxta qədər Rebiçin zədəsi tam sağalmaya da bilər.
Fanat.Az