"Oyunlarçətin keçəcək. Tsiklin ilk oyunlarındabütün komandalar istəkli olur".
Fanat.Az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç deyib.
28 yaşlı forvard AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Azərbaycan millisinə qarşı keçiriləcək oyunu dəyərləndirib. Kramariç yerli mətbuata müsahibəsində martın 24-də qarşılaşacaqları Macarıstanın daha güclü rəqib olduğunu vurğulayıb: "Belə matçların asan keçəcəyini düşünmək axmaqlıq olar. Ən yüksək səviyyədə motivasiya olunmaq lazımdı. Sadəcə Balkan düşüncəsi ilə mübarizə aparsaq, başımıza iş açarıq. "Rusiyada dünya ikincisi olduq, asan qalib gələrik" kimi fikirləri bir kənara atmaq lazımdı. Azərbaycana və xüsusən də, Macarıstana ciddi yanaşmalıyıq. Bu matçda son dəqiqəyə qədər mübarizə olacaq".
O, təmsilçimizin Zaqrebdə müdafiə futbolu sərgiləyəcəyini düşünür: "Qrupumuzdakı bütün komandaların motivasiyası yüksək olacaq. Azərbaycan bizim sevmədiyimiz tərzdə, müdafiədə qapalı futbol göstərəcək. Hədəfə ən qısa müddətdə çatmağın yollarını axtaracağıq. Hər dəfə deyilməsinə baxmayaraq, sonradan problemlər üzə çıxır. Önümüzə yeni əngəllər çıxacaq, maraqlı olacaq. Bilirəm ki, Rusiyadakı kimi mükəmməl alınmaya bilər. Çətin günlərə biz də hazırıq. Ən yaxşı oyunumuzu ortaya qoymalı, döyüşməliyik. Yekunda ilk iki yerdən birini tutacağımıza inanıram”.
Avropa çempionatının seçmə mərhələsi cəmi 8 ay çəkir. Ancaq Kramariç bu müddətin qrupda ilk iki yeri tutmaq üçün yetərli olacağını düşünür: "Qrupda iki komandanın Avropa çempionatına yollanması yaxşı haldı və ümid edirəm ki, faciə baş verməyəcək. Narahatlığa əsas yoxdu, 5 komanda arasında ilk iki yerdə olacağımıza inanıram. Amma onu da deməliyəm ki, pis qrupa düşmüşük. Hər kəs bizim üçün asan olacağını düşünür. Ancaq əmin olun ki, hər matç gərgin keçəcək".
Fanat.Az