"Nikola Yurçeviçə inanmıram. Millinin bu qrupdan çıxacağına da... Qurban Qurbanov Yurçeviçdən güclü mütəxəssisdi. İndiki baş məşqçini 2-3 oyundan sonra istefaya səsləyəcəklər”.
Fanat.Az xəbər verir ki, bu sözləri "azerisport” saytına müsahibəsində millimizin sabiq üzvü Mahir Şükürov deyib.
Şükürov seçməmizin Xorvatiya və Litva ilə oyunlarda ümid vermədiyini vurğulayıb:
"Xorvatiya ilə oyunda yəqin ki, rəqib futbolçular həmyerliləri Yurçeviçə bir qədər güzəşt etdi. Müdafiədən çıxa bilmirdik. Ramil Şeydayevlə Eddi İsrafilov ayrı ayrılıqda yaxşı göründü. Deyərdim ki, millidə ən yaxşı oyunlarını keçirdilər. Ramil iki qol da vura bilərdi. Amma bu, təsəlli ola bilməz. Xorvatiyanın yaxşı vəziyyətdə olmadığına Macarıstanla oyun əyani sübutdu.
Litva ilə ev oyununda da qonaqlar bizimkilərdən yaxşı təsir bağışladı. Ən azı topu özlərində saxlaya bilirdilər. Sanki bizimkiləri meydana məcbur çıxarmışdılar. Kənardan adama elə gəlirdi ki, oyunu tezbazar yola verib evlərinə dağılışmaq istəyirlər. Yoldaşlıq oyunu olsa da, motivasiya üçün qələbə vacib idi. Təəssüf ki, bizdə "material” yoxdu. Lap Qvardiola da gəlsə, bu komandanı qrupdan çıxara bilməz. Baxarsız, Yurçeviç də tsiklin sonunda Berti Foqts və Robert Prosineçki kimi bundan artığını bacarmadığımızı deyəcək. Başqa nəsə gözləməyin. Əli Babayev və Rüfət Dadaşovla uzağa getməyəcəyimizə əminəm”.
Fanat.Az