Qadınlardan ibarət İngiltərə millisinin və "Mançester Siti"nin futbolçusu Step Huqton qəbul etdiyi qərarla hər kəsi duyğulandırıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi bu yay keçiriləcək dünya çempionatına qatılmamaq qərarına gəlib. Buna səbəb isə onun futbolçu həyat yoldaşı Stefan Darbinin xəstəliyi olub.
Belə ki, onun həyat yoldaşına ötən ilin sentyabrında "Yan amiotrofik skleroz" (ALS) xəstəliyi diaqnozu qoyulub. Step Huqton ərinin dəstəyə ehtiyacı olduğunu bildirərək mundiala qatılmayacağını deyib. Həmçinin qeyd edib ki, ərinin hər zaman onunla fəxr etməsini istəyir: "O mənim və ailəmin ilham mənbəyidi. Tezliklə sağalacaq və güclü olacaq".
Qeyd edək ki, Stefan Darbi karyerası ərzində "Liverpul", "Suindon", "Notts Kounti", "Roçdale", "Bradford" klublarında çıxış edib və 2018-ci ildə "Bolton"da karyerasını bitirib.
Step Huqton isə "Sanderlend", "Lids" və "Arsenal"da çıxış edib, 2014-cü ildən "Mançester Siti"nin formasını geyinir. Dəfələrlə İngiltərə çempionluğunu və kubokunu qazanan 30 yaşlı futbolçu 2007-ci ildən dəvət aldığı milli komandada 104 oyun keçirərək 12 qol vurub.
Cütlük ötən ilin əvvəlində ailə həyatı qurub.
Fanat.Az