Nikola Yurçeviçin Zaqrebə yollanması və Azərbaycan çempionatının oyunlarını izləməməsi haqlı olaraq narazılıq doğurub. Məsələnin mətbuatda işıqlandırılması AFFA rəhbərliyini narahat edib və xorvat çalışdırıcını planlarını dəyişməyə məcbur ediblər.
Millimizin baş məşqçisi Bakıya əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 20-də yox, üç gün tez dönəcək. Bu barədə Yurçeviç özü "Report”a açıqlamasında deyib:
"Ötən turun oyunlarından sonra Zaqrebə qayıtmışam. Bakıya aprelin 20-də dönməyi düşünürdüm. Lakin XXV turun qarşılaşmaları 18-19 apreldə keçiriləcəyindən, ayın 17-də gələcəyəm”.
Yurçeviç yığmanın növbəti təlim-məşq toplanışının yeri və tarixinin 2 həftədən sonra dəqiqləşəcəyini deyib. Onun fikrincə, millinin yoldaşlıq görüşündəki rəqibinin adı elə həmin vaxt bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunu 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığmasını qəbul edəcək. Hər iki görüş "Bakcell Arena"da təşkil olunacaq.
Fanat.Az