"Siz jurnalistlər mənə doğma olmusunuz. Mənim dostlarım, mən sizinlə vidalaşıram". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Yığmamız bu gün 2013-cü ildə son matçını Qırğızıstanla keçirib (0:0). Bununla da Berti Foqtsun AFFA-yla olan müqaviləsinin müddəti başa çatıb. Futbol qurumunun alman çalışdırıcı ilə müqavilənin müddətini uzadıb-uzatmayacağı hələ bilinməsə də, o, jurnalistlərlə vidalaşıb. Buna baxmayaraq, Foqts "hiss edirsinizmi ki, bu yığmanın baş məşqçisi kimi son mətbuat konfransınızdı" sualına konkret cavab verməyib: "Həmişə demişəm ki, belə suallara cavab vermirəm. Mənim ilin sonuna qədər qüvvədə olan müqaviləm var və hələ heç nə dəyişməyib. Deyə bilmərəm ki, bu yığmada sonuncu oyunum idi".
Alman çalışdırıcı oyunla bağlı da danışıb: "Rəqibin oyunundan yaxşı mənada təəccübləndim. Son iyirmi dəqiqədə pis oynamadıq. Bu meydandan daha yaxşı meydanda oynamaq istərdik. Sadəcə qol vurmadıq. Qırğızıstan göstərdi ki, rəqibi qiymətləndirməmək olmaz. Biz isə bu nəticəyə bəraət axtarmamalıyıq. Bəzi oyunçulardan razı qalmadım. Xüsusən, uzun müddət əsas heyətə düşməyənlərdən".
Fanat.az