"Çətin oyun olacağını bilirdik. Çünki rəqibimiz yaxşı komanda idi. "Zirə”nin öz oyun üslubu var. Belə komandalara qarşı oynamaq çətindi".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının XXV turunda evdə "Zirə"ni 2:1 hesabı ilə yenən "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
39 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib: "Futbolçularımız həm müdafiədə, həm hücumda verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Bunun daha çox alındığını söyləmək olar. Üzərində çalışdığımız elementlərdən qol vurduq. Bu, bizi sevindirən amildi. Oyunçuları təbrik etmək istəyirəm. Zədəli futbolçularımız bu gün meydana çıxdılar, mübarizə apardılar, xarakter göstərdilər. Növbəti matça hazırlaşacağıq".
Baş məşqçi ağır zədə alan Dmitri Bezotosnının durumu ilə bağlı danışıb: "Dmitri Bezotosnı bizim üçün çox vacib futbolçudu. Futbolda zədələrdən qaçmaq olmur. İlkin müdaxilə edilib. Yaxın günlərdə müayinədən sonra zədənin nə dərəcədə ciddi olacağını biləcəyik".
Qurbanov "Elvin Camalov cəzalı duruma düşdü və qarşıdakı turda "Səbail"lə bürünc medal uğrunda vacib oyunu buraxacaq. Onu yerisiz sarı vərəqəyə görə qınayırsınız" sualına belə cavab verib: "Nəinki "Səbail”lə oyun, hər qarşılaşma bizim üçün vacibdi. Hər oyun üç xaldı. Bilirdik ki, futbolçular cəzalı duruma düşə bilər. Oyunçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik. Onlara qaydalar çərçivəsində aqressiv oynamağı və emosiyaları düzgün bölməyi tapşırırıq. Elvin Camalov meydanda böyük iş gördü. Aldığı sarı vərəqə üçün onu qınamaq olmaz”.
Fanat.Az