"Bizi buralara komandadakı ab-hava, səmimiyyət, birlik və bərabərlik gətirdi. Bütün azarkeşləri təbrik edirəm. Bugünkü oyun da gərgin mübarizə şəraitində keçdi”.
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Premyer Liqanın sonuncu - 28-ci turunda səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb..
- Ardıcıl 6-cı dəfə çempion oldunuz. Bu artıq sizin üçün adiləşib?
- Xeyr, belə şeyə alışmaq, öyrəşmək olmur. Hər dəfə yeni kimi olur. Ölkəmizin
tarixində heç bir klub 6 dəfə ardıcıl çempion olmayıb. Ona görə də çox
sevincliyik.
- Bu mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?
- "Neftçi” çox yaxşı çıxış etdi. Xeyli geridə qalmışdıq, ona görə də bizim üçün
ən həyəcanlı mövsüm bu idi.
- Mövsümün gedişində 5 xal geri düşəndə çempionluqla bağlı bir inamsızlıq
var idi?
- Xeyr, inamsızlıq yox idi, amma bir narahatlıq var idi, bunu demək lazımdı.
Həmin dövrdə komandadaxili iclas keçirdik, hamı bu sualı verirdi ki, mən bu
komanda üçün nə edə bilərəm? Hərə öz üzərinə düşəni etdi və çempion olduq.
- Qarşıdakı mövsüm üçün büdcədə dəyişiklik olacaqmı?
- Xeyr, hansısa dəyişiklik gözlənilmir. Çünki qarşımızdakı klublar o qədər
nəhəng klublardı ki, bizim onlara çatmaq üçün heç bir imkanımız yoxdu. Ona görə
də nə etməliyik? Əhval-ruhiyyəmizi və xalqımızın dəstəyini arxamıza alıb keçmiş
dönəmlərdəki o gözəl, uğurlu çıxışları təkrarlamalıyıq. Bizim hədəfimiz
Avropada çempion olmaq yox, Qarabağın adını layiqincə tanıtmaqdı.
- Qarşıdakı mövsüm ÇL qrupuna düşmək haqqında düşünürsüz?
- Düzdü, qaydalar dəyişib və daha çətin olub. Amma əlimizdən gələn qədər
çalışacağıq. Mən özümdən də, klubumdan da bunu tələb edirəm. Niyə də olmasın?
- "Qarabağ” azərbaycanlılar üçün bir klubdan üstündür. Dövlət tərəfindən
sizə hansısa bir dəstək olurmu?
- Xeyr, klubların hər birinin ayrıca sponsoru var və düşünürəm ki, ciddi
dəstəyə ehtiyacımız yoxdu. Təlim-məşq toplanışı planlaşdırılıb, öz ayağımız
üzərində durmağı bacarırıq.
- Rəqib komandanın bilet qiymətlərini artırması ilə bağlı nə deyə
bilərsiniz?
- Bu artımı başa düşə bilmədim. Mən "Neftçi”nin məsləhətçisi olsam, deyərdim
ki, 50 manata az adam gələcək, amma 20 manat olsa, ümumi gəlir bundan qat-qat
çox olacaq. Mən istərdim ki, bu gün stadion dolu olsun, amma
olmadı. Canınız sağ olsun. Rəqibin də öz hüququ var, biz də hörmətlə yanaşırıq.