Almaniyanın "Herta” klubu növbəti mövsüm üçün baş məşqçi seçimini edib.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisini 2019/2020 mövsümündən Ante Çoviç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, iyulun 1-dən etibarən işinə başlayacaq.
Çoviç hazırda "Herta”nın U-23 komandasını çalışdırır. Klub rəhbərliyi
komandanın gənc futbolçularını hamıdan daha yaxşı tanımasını əsas gətirərək,
məhz Berlində anadan olmuş xorvatiyalı mütəxəssisi baş məşqçi postuna gətirib.
Futbolçu karyerası dövründə "Hayduk” (Split), "Ştutqart” və "Nürnberq”lə
yanaşı, 1996-2000-ci illər aralığında "Herta”da da forma geyinən Çoviç 2011/12
mövsümündən paytaxt təmsilçisində məşqçiliyə başlayıb. 2012/13 mövsümündən isə o, bu komandanın U-23 kollektivini çalışdırırdı.
"Herta”ya hazırda macarıstanlı Pal Dardai rəhbərlik edir. Amma klub rəhbərliyi
bir ay öncə mövsümün sonunda onunla yolların ayrılacağını açıqlayıb. Berlin
klubu onun rəhbərliyi altında mövsümün sonuna bir tur qalmış 43 xalla 18
kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Fanat.Az