Türkiyə Superliqasında XXXIII turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, günün mərkəzi qarşılaşması – Superliqada mövsümün ən önəmli oyunu "Türk Telekom Arena"da keçirilib. Eyni xalla liderliyi bölüşən "Qalatasaray"la "Başakşəhər" üz-üzə gəlib. Qonaqlar ilk hissədə önə keçsə də, fasilədən sonra 2 qol vuran "Qalatasaray" geri dönüşlə "qızıl”a qovuşub.
Sona 1 tur qalmış zirvəni ələ keçirən "aslanlar" şəxsi oyunlara görə, çempionluğunu rəsmiləşdirib.
"Qalatasaray” ardıcıl ikinci, ümumilikdə isə 22-ci çempionluğunu bayram edib. Fatih Terimin yetirmələri bir neçə gün öncə Türkiyə Kubokuna da sahib çıxdığından "qızıl dubl"la mövsümə qızıl imza atıb.
Maraqlıdır ki, İstanbul nəhəngi ölkə kubokunun finalında - "Akhisarspor"la həlledici görüşdə (3:1) də azarkeşlərini geri dönüşlə qürurlandırmışdı.
Türkiyə Superliqası
XXXIII tur
"Qalatasaray" - "Başakşəhər" - 2:1
Qollar: Fequli, 47; Onyekuru, 64 - Bajiç, 17
Fanat.Az