İngiltərənin "Mançester Yunayted” və "Everton” klublarının sabiq futbolçusu Andrey Kançelskis bu gün Bakıda baş tutacaq Avropa Liqasının "Çelsi” - "Arsenal” finalından, eləcə də "topçular”ın erməni oyunçusu Henrix Mxitaryanın Azərbaycana səfərdən imtina etməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Rusfootball” nəşrinə müsahibəsində bunları söyləyib:
"Finalda yaxşı futbol olacağına əminəm. Komandaların şansına gəldikdə, məncə, "Çelsi" qələbə qazanmağa daha çox yaxındı. Çünki komanda bütün xətt üzrə balanslaşdırılmış oyun oynayır. Düşünürəm ki, qələbə onların olacaq. Amma final finaldı. Məncə, penalti seriyasına ehtiyac qalmayacaq və məsələ 90 dəqiqə ərzində həll olunacaq. İstənilən halda, əla oyun olacaq. Çünki ingilislər açıq futbol oynayırlar. Məhsuldar oyun gözləyirəm”.
Kançelskis "Arsenal”ın yarımmüdafiəçisi Mxitaryanın Bakıya gəlməkdən imtinasından da danışıb və onu sərt tənqid edib: "Onun bu qərarını anlamıram. Kimdən qorxursan? Hansı siyasi münasibət? Sən futbol oynayırsansa, get və oyna. Bu, nə axmaqlıqdı? Sadəcə, gülməlidi. Futbol futboldu, siyasət siyasətdi. Get, oyna! Sənə nə edəcəklər ki? Azərbaycan və Ermənistan arasındakı münasibətlərə baxmayaraq, getməlisən. Çünki heç kəs sənə barmağı ilə toxunmayacaq. Mxitaryan belə qorxursa, özünə pampers alsın. Etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerinə olsam, onu cərimələyərəm. "Arsenal” Avropa Liqasını qazana bilməsə, günahkar Mxitaryandı. Çünki getmədi və komandasına kömək etmədi”.
Fanat.Az