Dünən «Zirə» FK və «Şüvəlan» FK-nun 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında təşkil etdiyi «İnkişaf turniri» başa çatıb.
Fanat.Az xəbər verir ki, «AZAL Arena»da keçirilən final matçında «Keşlə»ni əlavə vaxtda 3:2 hesabı ilə məğlub edən «Neftçi» turnirin qalibi adını qazanıb. Buna qədər 3-cü yer uğrunda baş tutmuş «Sabah» - «Sabah-2004» oyununda isə «Sabah» 5:1 hesabı ilə qalib gələrək turnirin bürünc medallarına sahib çıxıb.
Final matçından sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Bir çox tanınmış futbol nümayəndələrinin iştirak etdiyi təltifetmə mərasimində qaliblərə medallar və kubok təqdim edilib.
Həmçinin, Təşkilat Komitəsinin qərarına əsasən turnirdə fərqlənər futbolçulara da dimplom və xatirə hədiyyələri verilib. Elgün Bayramov («Neftçi») turnirin «Ən yaxşı qapıçı», Rəşad Həsənov («Keşlə») «Ən yaxşı müdafiəçi», Vüsal Əliyev («Zirə») «Ən yaxşı yarımmüdafiəçi», Oruc Məmmədov («Neftçi») «Ən yaxşı hücumçu», Vaqif Həsənov («Keşlə») «Ən yaxşı bombardir» nominasiyalarında qalib seçilib. Turnirin ən yaxşı futbolçusu adı isə «Keşlə»li Kamal Kazımova qismət olub.
Bundan başqa mərasimdə «Het-trik news» qəzetinin apardığı sorğuya əsasən «U-16 Liqası»nda 2018/19 mövsümündə çempionatın ən yaxşı futbolçusu seçilmiş Cəlal Hüseynovla («Zirə») və Mehrac Baxşəliyev də («Qəbələ») mükafatlandırılıb.
Fanat.Az