11:49 13.06.2019 1519

AFFA: "Baş məşqçinin istefası gündəmdə deyil"

Azərbaycanda milli komandanın Slovakiya futbol komandasına dörd qol fərqi ilə uduzmasından sonra "baş məşqçinin istefası gündəmdə deyil", Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) BBC News Azərbaycancaya deyilib.

Bakıda keçirilmiş oyun zamanı stadionda azarkeşlər "istefa" tələbləri səsləndiriblər. Onlar, həmçinin AFFA rəhbərliyinin də "istefa verməsini" istəyiblər, yerli media yazır.

BBC News Azərbaycanca 2019-cu ilin fevralından bəri Azərbaycan milli komandaya baş məşqçilik edən Nikola Yurçeviç ilə əlaqə saxlaya bilməyib.

O, oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən Azərbaycan yığmasının "ağır məğlubiyyətinə görə" üzr istəyib.

AFFA-dan qurumun idarəçiliyi ilə bağlı tənqidlərə şərh verilməyib.

İyunun 11-də "Avro-2020"-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan-Slovakiya futbol komandalarının qarşılaşması zamanı Azərbaycanın milli yığması qonaqlara 5-1 hesabı ilə uduzub.

BBC News Azərbaycancaya danışan yerli idman şərhçiləri milli komandanın sonuncu oyunundan sonra məyus olduqlarını, hətta uzun zamandır, təxminən 20 ildə bu cür ümidsizliyə, bədbinliyə qapılmadıqlarını deyiblər.

Futbol şərhçiləri nə deyirlər?

"Futbol plyus" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, 2020-ci ildə keçiriləcək Avropa Çempionatının 4 oyunu Bakıya salınıb və bu baxımdan həmin Avropa Çempionatına vəsiqə qazanmaq "prinsipal məqam" idi.

"Heç olmasa iddialı komanda olaq, birbaşa final mərhələsinə vəsiqə qazana bilməsək də seçmə mərhələdə ümidverici nəticələr olsun. Amma çox təəssüf ki, arxada qalan son üç oyun nəyəsə ümid bağlamağın əbəs olduğunu göstərdi. Bu 3 oyunda məğlub olmuşuq və qapımızdan 10 top buraxmışıq", cənab Rüstəmli deyir.

Onun fikrincə, komandanın vəziyyəti acınacaqlıdır, "pat vəziyyət" yaranıb, o, bundan sonranı proqnozlaşdırmaqda çətinlik çəkir.

"Konkret dünənki oyunda son illərin ən zəif komandasını gördük. Bu oyun bir daha ciddi və düzəldilməsi təcili olan problemlərin olduğunu göstərdi", deyə "Qol.az" saytının redaktoru Aydın Bağırov deyir. Onun qənaətincə, söhbət təkcə futbolçuların səviyyəsindən yox, komandaya "çox uğursuz" baş məşqçi gətirilməsindən gedir.

"Məsələ ondadır ki, o, Azərbaycana gələnə qədər cəmi bir dəfə baş məşqçi olub. Öz ölkəsində Zaqrebin "Dinamo"sunun baş məşqçisi olub. Təəccüblüdür ki, bundan sonra həmin məşqçini Azərbaycan komandasına baş məşqçi gətiriblər. Və onun rəhbərliyi altında keçirilən hər üç oyunda komanda ciddi şəkildə məğlub olub".

Bununla belə, Aydın Bağırov da, Mahir Rüstəmli də günahı təkcə baş məşqçinin üstünə yıxmağın tərəfdarı deyillər. Onlarin qənaətincə, başlıca problem AFFA rəhbərliyinin "bərbad idarəçiliyi"dir.

"Azarkeşlər AFFA rəhbərliyinin fəaliyyətindən narazıdır və təsadüfi deyil ki, son oyunda minlərlə azarkeş AFFA rəhbərliyini istefa verməyə çağırdı. Qəribəsi budur ki, AFFA rəhbərliyi buna çox laqeyd yanaşdı. Bütün günahı futbolçuların üstünə yıxırlar", "Qol.az" saytının redaktoru söyləyir.

Mahir Rüstəmli ölkədə cəmi 8 komandanın qaldığını, orda oynayanların yarıdan çoxunun əcnəbi olduğunu, bu səbəbdən milli yığmaya oyunçu seçməyin çətinliyini vurğulayır.

"Bu gün iş adamları futbola pul qoymağa həvəsli deyillər. Nəticədə 2003-cü ildən sonra yaranan klublar bir-bir ləğv olunur, bu da bədbinlik yaradır. Futbola gəlmək istəyən qüvvələr də yoxdur. Bu da ümidsizlik yaradır", deyən Rüstəmli maliyyə, infrastruktur və avadanlıqlar olsa belə futbolun "yerində saymağa məhkum olduğunu" əlavə edir.

AFFA nə deyir?

AFFA-dan qurumun idarəçiliyi ilə bağlı tənqidlərə münasibət bildirilməyib və deyilib ki, hazırda "baş məşqçinin yığmadan uzaqlaşdırılması" kimi məsələ "gündəmdə deyil".

"AFFA rəhbərliyi, prezident qurumun konfransında seçilir, baş katibi İcraiyyə Komitəsi təsdiqləyir. Konfransın üzvləri isə futbol ictimaiyyətinin üzvləridir. Onlar AFFA rəhbərliyinə etimad göstəriblərsə, mən başqa söz deyə bilmərəm", qurumun sözçüsü Firuz Abdulla BBC News Azərbaycancaya bildirib.

AFFA İcraiyyə Komitəsi oyundan sonra milli komandanın baş məşqçisi Nikola Yurçeviçin də iştirak etdiyi təcili toplantıda son iki oyunda göstərilən uğursuz nəticələri müzakirə edib, qurum bildirib.

"Macarısatan və Slovakiya oyunlarında qeydə alınan məğlubiyyətlə bağlı müzakirədə baş məşqçi bildirdi ki, çox az vaxtı olduğundan geniş hesabat verə bilməyəcək. Amma müəyyən məlumatları verdi. O, yaxın vaxtlarda İcraiyyə Komitəsinə daha geniş məlumat təqdim edəcəyini bildirdi. İndiyə olan məlumat bu qədərdir", cənab Abdulla BBC News Azərbaycancaya toplantını şərh edib.

Bununla belə, Firuz Abdulla oyundan sonra hesabat verilməsini "prosedur qaydalardan biri olduğunu və qeyri-adi heç nə baş vermədiyini" də qeyd edir.

AFFA-nın açıqlamasında o da deyilir ki, İcraiyyə Komitəsinin ümumi rəyinə görə, Azərbaycan milli komandasının futbolçuları "üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər".

Baş məşqçi nə deyir?

Nikola Yurçeviç milli yığmaya baş məşqçi təyin olunanda Bakıda keçirdiyi ilk mətbuat konfransında bildirmişdi ki, AFFA onun qarşısında daha yaxşı çıxış etmək və AVRO-2020-ə çıxmaq vəzifəsi qoyub.

Oyundan sonra keçirilən mətbuat konfransına gəlincə isə baş məşqçi bu məğlubiyyətin "utancverici" olduğunu deyib və azarkeşlərdən buna görə üzr istəyib.

Amma o, mətbuat konfransında bir neçə dəfə rəqib komandanın güclü olduğunu vurğulayıb. O deyib ki, Slovakiyanın transfer dəyəri 25 milyon avro olan oyunçusu var, ancaq Azərbaycan komandasının ümumi dəyəri bu qədər deyil.

Baş məşqçi Slovakiya futbolçularının aparıcı klublarda çıxış etdiklərini də xatırladıb. "Əgər belə komandaya qarşı uğurlu olmaq istəyirsənsə, ən yüksək hazırlıqda olmalısan", deyən Yurçeviç Millətlər Liqasında keçmiş baş məşqçi Qurban Qurbanovun da "çətinlik çəkdiyini" xatırladıb.

O, Azərbaycan yığmasının düşdüyü qrupdakı komandaların güclü olduğunu vurğulayıb və əllərindən gələni etməyə çalışdıqlarını da qeyd edib.

Nikola sonda deyib: "Daha yaxşı olacağımıza və belə böyük hesabla uduzmayacağımıza inanıram".

Ötən il Azərbaycan futbol yığmasının UEFA Millətlər Liqası çərçivəsində üzləşdiyi uğursuzluqdan sonra AFFA baş məşqçi Qurban Qurbanovla yollarını ayırmış və onun yerinə Nikola Yurçeviç gətirilmişdi. Yeni baş məşqçidən müəyyən gözləntilər vardı.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X