"Oyun qatar kimi bitdi, önümüzdə tam buxar var. Şanslar hələ davam edir. Düzdür, səfərdə topa az sahib ola bilərik. Amma yenə də hələ yarışın içindəyik və biz də bunu istəyirdik. Ancaq çox çalışmalıyıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Dundalk"ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la ilk oyundan (1:1) sonra deyib.
43 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu (1:1) dəyərləndirib. İrlandiyalı çalışdırıcı, xüsusən də, ikinci hissədəki performanslarından məmnun qaldığını söyləyib: "Oyundan əvvəl dedim ki, topa daha çox sahib olmalı və intizamlı çıxış etməliyik. Ələ düşən imkanlardan da lazımınca yararlanmalıydıq. Matçın gedişində köklü olmasa da, taktiki dəyişiklik etməli olduq. Futbolçular ikinci hissəni yaxşı keçirdilər. Onlara bir az özünəinam qazandırmağa çalışdıq. Qalib gəlməsək belə, uduzmamağa çalışdıq".
Baş məşqçi cavab görüşü ilə bağlı planlarından da söz açıb: "Qarabağ" müntəzəm avrokubokların qrup mərhələsində iştirak edən komandadı. Düşünmürəm ki, onlar cavab görüşündə taktiki planda hansısa dəyişiklik etsin. Bakıda olduqca intizamlı oyun sərgiləməliyik. Ola bilsin ki, top ayağımıza çox az dəydi. Həmin görüşə qədər formamızı qorumalıyıq. İnanıram ki, uşaqlar orda da qol vura biləcəklər".
Fanat.Az