Radamel Falkaonun "Qalatasaray"a transferi ilə bağlı danışıqlar aparan menecer Ahmet Bulut son vəziyyətlə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, FIFA meneceri İstanbul klubunun azarkeşlərini sevindirən məlumatları paylaşıb.
"Falkao həftəsonu oyuna çıxacaq. "Monako" da heyətinə daha bir hücumçu qatacaq. Gələn həftənin ortasına qədər transfer 100 faiz dəqiqləşəcək. Danışıqlar qaydasında gedir. Futbolçunun özü də "Qalatasaray"da oynamaq istəyir. Transfer haqqı ilə bağlı isə bir söz deməyim düzgün olmaz" deyə Ahmet Bulut bildirib.
Bu arada Fransanın "L'Equipe" nəşri də transferlə bağlı yeni xəbər yayıb. Qəzet iddia edib ki, kolumbiyalı ulduzun müqaviləsini uzatmaq istəyən "Monako" rəhbərliyi ilə futbolçu arasındakı danışıqlar mənfi nəticələnib. Xəbərdə qeyd edilir ki, Falkao klub rəhbərliyinə getmək istədiyini bir daha bildirib. Onun bu qərarından sonra "Monako" rəhbərliyi Vissam Ben Yedderdən sonra daha bir hücumçu transfer etmək üçün hərəkətə keçib.
"L'Equipe" həmçinin yaxır ki, "Monako" kolumbiyalı futbolçu üçün 5 milyon avro transfer haqqı tələb edir.
Fanat.Az