"Neftçi"nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda "Sumqayıt"la matçın sonlarında iştirak etdiyi insidentdə hərəkətinə görə üzr istəyib.
Fanat.Az xəbər verir ki, millimizin də üzvü olan gənc müdafiəçi bununla bağlı "Instagram" hesabında üzrxahlıq mətni yazıb:
"Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insananıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacağam".
Qeyd edək ki, Premyer Liqanın III turunda keçirilən "Neftçi” - "Sumqayıt” matçında (2:1) xoşagəlməz hal yaşanıb. Matçın son dəqiqələrində - "Neftçi”nin 2-ci qolundan sonra qonaqların kapitanı Vurğun Hüseynovla "ağ-qaralar”ın oyunçusu Anton Krivotsyuk arasında qalmaqal yaşanıb. Krivotsyuk qoldan sonra Hüseynova qarşı qeyri-etik jest edib. Vurğun isə gənc müdafiəçini vurub. Görüşün baş hakimi Səbuhi Bayramov Krivotsyuku ikinci sarı, Hüseynovu isə birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Bundan başqa, qalmaqal zamanı "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovla "Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev arasında da mübahisə düşüb. Hətta Tarıverdiyev bu zaman Abbasovu vurub. Hakim ona sarı vərəqə göstərib.
Fanat.Az