"AVRO-2020"nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, İvan Rakitiç sentyabrın 9-da Bakıda baş tutacaq matça iştirak etməkdən imtina edib. "Barselona”nın yarımmüdafiəçisi bunu özünü psixoloji cəhətdən hazır saymadığı üçün edib.
Bunu yerli mətbuata müsahibəsində komandanın baş məşqçisi Zlatko Daliç deyib. O, qərarını belə izah edib: "Rakitiçin klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyib. Onunla dünən danışdım və futbolçunun milli komanda üçün hazır olmadığı qənaətinə gəldim. Buna görə Rakitiç növbəti oyunlarda bizə qoşulmayacaq".
"Barselona”dan ayrılması gündəmdə olan Rakitiçin hazırda bütün fikrini özünə yeni klub tapmağa cəmlədiyi vurğulanır. Onun xidmətində PSJ və "Yuventus”un maraqlı olduqları deyilir.
Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.
Fanat.Az