Ötən axşam Çempionlar Liqasında het-trik edən Zaqreb "Dinamo"sunun futbolçusu Mislav Orşiç Azərbaycan klubunda oynaya bilərmiş.
Fanat.Az xəbər verir ki, bu barədə menecer Erkin İbrahimov yazıb.
"Dinamo" (Zaqreb) - "Atalanta" oyununda het-trik etmiş Mislav Orşiçlə iki il öncə klublarımızın birinə mümkün keçidi barədə danışmışdım. O vaxt Orşiç Cənubi Koreyada çıxış edirdi və sıradan bir oyunçu sayılırdı. Çıxışını diqqətlə istəyirdim, onun yaxın gələcəkdə milli komandaya qədər yüksələcəyi mənə artıq bəlli idi. Orşiçin müqaviləsi artıq bitmək üzrə idi, klub axtarışında idi. Azərbaycan çempionatına gəlməsinə qarşı da deyildi. "Dediyin klubda nə kimi maaş ala bilərəm?" sualı verdi. Cavabımdan sonra bir də gördüm ki, blokdayam" deyə Erkin İbrahimov qeyd edib.
Qeyd edək ki, Mislav Orşiç karyerasına Xorvatiyanın "İnter" klubunda başlayıb (2009-2013). 2013/14 mövsümündə İtaliyanın "Speziya" klubunda çıxış edən futbolçu 2014-2016-cı illərdə "Riyeka"ya (Xorvatiya) məxsus olub. Xorvatlar onu Sloveniyanın "Kelye" (2014) və Cənubi Koreyanın "Jeonnam Dragons" (2015) klublarına icarəyə verib. Sonuncu klub 2016-cı ilin yanvarında 750 min avroya onun transfer hüququnu alıb. Hücumameyilli yarımmüdafiəçi həmin ilin yayında 1,3 milyon avroya Çinin "Çanqçun Yatay" klubuna transfer olunub. 2017-ci ilin qışında isə Cənubi Koreyanın "Ulsan Hyundai" klubu onu 935 min avroya heyətinə qatıb. Ötən ilin yayında "Dinamo" Orşiçin transferinə 1 milyon avro xərcləyib.
26 yaşlı futbolçu Xorvatiyanın bütün aşağı yaş üzrə yığmalarında oynayıb. O, bu il ilk dəfə milli komandaya çağırılıb və sentyabrın 9-da Bakıda baş tutan "AVRO-2020"nin seçmə mərhələsinin millimizlə oyununda 86-cı dəqiqədə meydana çıxaraq yığmada debüt edib.
Onu da qeyd edək ki, Çempionlar Liqasının "Dinamo" - "Atalanta" oyunu 4:0 hesabı ilə yekunlaşıb. Orşiç 31, 42 və 68-ci dəqiqələrdə qol vurub.
Fanat.Az