"Region Liqasında çıxış edən "Şamaxı" klubuna keçmişəm. Keçmiş komandam "Energetik"dən fərqli olaraq burda maliyyə vəziyyəti normaldı. Maaşlarımız vaxtında ödənilir".
Bu sözləri Fanat.Az-a açıqlamasında U-15 və U-16 millilərimizin sabiq üzvü Habil Məmmədli deyib.
Futbolçu bildirib ki, komandaya milli komandamızın sabiq üzvü Kənan Kərimov başçılıq edir: "Rayon İcra Hakimiyyəti komandaya diqqət göstərir. Son yoxlama oyunumuzu icra başçısı da izlədi, komandanın vəziyyəti ilə maraqlandı, lazımi tapşırıqlar verdi".
Habil Məmmədli komandanın hazırlığından da danışıb: "Region Liqanın startınadək 3 yoxlama oyunu keçirmişik. İki matçda qələbə qazanmışıq, birində heç-heçə etmişik. Komanda olaraq yaradılan şəraitdən razıyıq. Hədəfimiz gələn mövsüm I divizionda çıxış etməkdi. İcra başçısı da komanda ilə görüşdə bunu dedi".
Qeyd edək ki, "Qarabağ"ın aşağı yaş qruplarında da oynamış Habil Məmmədli son olaraq "Energetik"də çıxış edib.
Fanat.Az