"Burda daha çox ingilis dilində ünsiyyət qurmağa çalışırlar. Ancaq insanlar bu dildə pis danışır. Əsasən yerli və ya rus dilində danışılır. Burda olduğum üçün rus dilini öyrənməyə başlamışam".
Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin yarımmüdafiəçisi Fernan Ferreyra deyib.
24 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına müsahibəsində özünü Azərbaycanda daha çox dəyərli hiss etdiyini deyib: "Selta"dan ayrıldıqdan sonra diqqətimi çəkən əsas məqam mənə daha çox dəyər verməkləri oldu. "Seqoviana"da özümü önəmli futbolçu kimi hiss etməyə başlamışdım. "Barakaldo"da gözlədiyimdən az şans əldə etdim. Azərbaycana yollanıb, ispaniyalı futbolçunun nə qədər dəyərli olduğunu görmək istədim. Burda insanlar səni tanımadan, necə futbolçu olduğunuzu bilmədən sizə hörmət edirlər".
"Qəbələ"yə mövsümlərarası fasilədə "Barakaldo"dan keçən Ferreyra "qırmızı-qaralar"ın onu bir ildi izlədiyini əlavə edib: "Qəbələ" məni ötən il də istəmişdi. Baxışa dəvət etdiklərindən, bununla razılaşmadım. Ancaq bu yay "Barakaldo"dan ayrıldıqdan bir həftə sonra masada konkret təklifim var idi. İlk vaxtlar düşünürdüm ki, iqlimə uyğunlaşmaq çətin olacaq. Ancaq Bakı yaşamaq üçün sərin şəhərdi. Şanslı oldum, çünki Azərbaycan çempionatında ispan oyunçular çoxdu. Onlar mənə kömək etdilər. Azərbaycanda Avropa futboluna maraq böyükdü. Burada "Barselona” və Pep Qvardiola çox sevilir".
O, Premyer Liqanı tramplin olaraq gördüyünü söyləyib: "İspaniyada ikinci liqada ilişib qalmışdım. Azərbaycandan gələn təklifin yaxşı fürsət olduğunu düşündüm. Əvvəllər, eləcə də, hazırda bu ölkədə çıxış edən futbolçularla məsləhətləşdim. Azərbaycan çempionatı peşəkar liqadır. Böyük stadionlar mövcuddur. Yalnız bir süni örtüklü meydança var. Sequnda B-də isə kiçik, palçıqlı və ya süni örtüklü meydançalar idi. Düzdür, ilk vaxtlar bir qədər çətinlik çəkirdim. Ancaq indi özümü daha aparıcı rolda görürəm. Meydanda oyundan həzz almağı, əylənməyi xoşlayıram. Açıq və baxımlı futbol göstərməyə çalışırıq. Buranı tramplin hesab edirəm. Beynəlxalq səviyyədə getdikcə daha peşəkar liqalarda oynamaq və ya burda qalmaq istəyirəm. Burda daha çox komanda görürsən və imkanlar genişdir. İlk Avrokubok təcrübəsin yaşadım. Komanda bu mövsüm Avropa Liqasında çıxış etdi və bura yüksək səviyyədir. Çox gözəl idi. Gördüm ki, avrokubokda iştirak etməkdən çox da uzaq deyiləm".
Fanat.Az