Yaxşı ki, canlı izləyənlərdən biri faktı telefonunun yaddaşına köçürüb. Sosial mediada dünən yayılan bu şəkillə çoxları tanışdı. Yoxsa "Qarabağ”ın vımpelinin üstündə əyləşən tərcüməçinin – Vüqarın nə boyda hörmətsizliyi özünə sığışdırdığını Bakı klubuna sübut etmək çox çətin olardı.
Hə, 0:0 hesabı ilə bitən Azərbaycan derbisindən öncə kapitanların dəyişdiyi rəmzlərin anlamını yenidən xırdalamağa xüsusi ehtiyac yoxdu. Üzərlərində klubların simgələri çəkilmiş parçaları kim görməyib ki... Məlumatı az olanlara xatırladaq ki, bu elə bayraq deməkdir. Dəqiqləşdirsək, bayrağın kiçildilmiş, cəlbedici forma verilmiş versiyası.
"Neftçi” rəsmisinin yağmurlu havada Ağdam klubunun vımpelini altına niyə qoyduğunu dəqiq söyləmək qəliz məsələdi. Əslində bunu bilərəkdən və ya diqqətsizlikdən etmək arasında da müəyyən fərqlər var. Yəni sayğısızlıq, qaba hörmətsizlik anlamına gələn faktı araşdırmaq klub rəhbərliyinin işidi. Bütün hallarda son illərin dəyişməz çempionuna, Biləcəridən o tərəfdə sözünü davamlı şəkildə deyə bilən yeganə ölkə təmsilçisinə qarşı hörmətsizliyin üstündən sükutla keçmək olmaz.
Təbii, bu gün "ağ-qaralar” futbola qeyri-futbol sahələrindən calanmış kadrlar tərəfindən idarə olunur. "Sumqayıt”dan "götürülüb” Azərbaycanın ən yaşlı klubunun başqan "kreslo”suna "yapışdırılan” Kamran Quliyevin hakimiyyəti dönəmində belə halın yaşanması təəccüblü deyil. Bu və buna bənzər olaylarla dəfələrlə qarşılaşmışıq. Ancaq istər prezident postunda icraçı direktordan artıq səlahiyyəti olmayan Quliyev, istərsə də SOCAR-a bir köynək daha yaxın olan vitse-prezident Elnur Eyvazov böyük qələtə kiçik don geyindirməyə çalışmamalı, məsələyə ciddi yanaşmalıdı.
Ortada olan budur ki, müstəqillik dönəminin ən uğurlu rəhbərliyi yola salınandan, AFFA-nın baş katibi Elxan Məmmədov və ARDNŞ-dəki himayədarları "Neftçi”də əsas söz sahibinə çevriləndən bəri kluba işə götürülənlərə belə desək, hansı camiəyə gəldiyi xatırladılmır, mənəvi məsələlərlə bağlı heç nə deyilmir. Yox, biz naşı idarəçilərdən bu yöndə böyük inqilab ummuruq. Heç olmasa, vımpellə "qrelka”nın fərqi izah olunmalıdı, deyilmi?
Mövzuya Bakı klubunun olayla bağlı rəsmi mövqeyi açıqlanandan sonra qayıdacağıq. Ümid edək ki, reaksiya gecikməyəcək.
Fanat.Az