Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. Premyer Liqanın klublarının mübarizəyə qoşulacağı bu mərhələdə “Xəzər Lənkəran” özü üçün yubiley - 10-cu mövsümə start verəcək. “Ağ-yaşıllar” 1 matçdan ibarət mərhələdə cənub derbisinə çıxacaq. Belə ki, komandamız “Neftçala”nı qəbul edəcək.
“Xəzər Lənkəran” indiyədək kubok yarışında qarşılaşdığı aşağı dəstə təmsilçiləri ilə matçlarda çətinliklə üzləşməyib. Belə ki, əvvəlki 9 mövsümdə I divizion klublarına qarşı baş tutan 10 qarşılaşmadan 7-də böyük hesabla qalib gələn “Xəzər Lənkəran” digər 3 görüşdə də 2 top fərqilə qələbəni bayram edib. Bu matçlarda top fərqi isə 49:5-di.
Əvvəlki 9 mövsümdə 3 dəfə kuboku qazanan və 2 dəfə finalda məğlub olan “Xəzər Lənkəran” keçirdiyi 58 kubok oyununda 36 qələbə qazanıb, 12 heç-heçə edib və 10 dəfə uduzub. Penaltilər seriyası, həmçinin nəticəsi ləğv olunan matçlar hesaba alınmamaqla 120 qol vuran cənublular 43 top buraxıb.
lankaranfc.com