Apellyasiya Arbitraj Tribunalının ləğv etdiyi daha bir qərar diqqət çəkdi. Dünən qurum AFFA İntizam Komitəsinin "Keşlə”nin futbolçusu Sezar Meza Kolli haqda qərarını dəyişdi.
İntizam Komitəsi noyabrın 26-da paraqvaylı yarımmüdafiəçinin 3 oyunluq diskvalifikasiyasını lazım bilmişdi. Bundan 2 gün öncə, Premyer Liqanın XII turunun "Zirə” – "Keşlə” matçının 60-cı dəqiqəsində qonaqların legioneri aqressiv davranışa görə meydandan qovulmuşdu. O, rəqibini dirsəklə vurmuş və 3 oyunluq cəza almışdı. Həm hakimlərin qovmaq qərarı, həm də İK-nın cəzası ədalətli idi.
Lakin nə oldusa tribunal Sezarın cəzasını 1 oyuna saldı. Qərara görə, Meza Kolli cəzasında oyun sayı birə endirilməklə qalan iki oyunda cəzadan şərti olaraq azad edildi.
Əcəba, niyə? Axı, futbolçu haqlı olaraq meydandan qovulmuşdu və birbaşa qırmızı vərəqənin də cəzası minimum 2 oyundu. Qovulmanın motivi də aqressiv davranışdı, deməli, Sezar ən azı 2 oyun kənarda qalmalıydı.
Apellyasiya Arbitraj Tribunalı 3 oyunluq cəzanı 2+1 kimi dəyişsə, bir oyun şərti olaraq tətbiq edilsəydi, başadüşülən olardı. Amma 1+2 artıq niyyətin göstəricisidi. Deməli, "Keşlə”nin düşünən beyni olan Sezarın 14-cü turda "Qarabağ”la Premyer Liqa oyununda meydanda olması lazımdı. Bakılıların prezidenti Zaur Axundov həm də AFFA İcraiyyə Komitəsinin üzvü olduğundan nüfuz sahibidi və əksər qurum mənsublarına təsir etmək imkanına malikdi. O, tribunala göstəriş verib və istəyinə nail olub.
Halbuki mövsümdə artıq ikinci dəfədi qırmızı vərəqə alan və intizamsızların siyahısına rəhbərlik edən paraqvaylıya bu güzəşt olunmamalıydı. Məntiqlə eyni turda oxşar hərəkətlə 3 oyunluq cəzalanan "Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli də bağışlanmalıydı. Amma həftəsonu”Keşlə”ylə "Qarabağ”ın duelində Sezar oynayacaq, İsmayıl yox. Axundov fərqi!!!
Apellyasiya Arbitraj Tribunalından bir nəfər açıqlama verib bu cəzanı nəyə əsasən dəyişdiyini izah etsə, yaxşı olardı. Əsasnamə, nizam-intizam kodeksi 3 oyunluq cəzanı şərtləndirirsə, nəyə görə birbaşa qırmızı vərəqənin diskvalifikasiyası bir oyuna endirilsin ki? Əgər belə bir variant mümkündüsə, niyə eyni güzəşt "Qarabağ”a şamil edilməsin? Bu məqamda AFFA-dakılar ağdamlıların müraciət etmədiyini söyləyəcək. Axı, şikayətə əsas yox idi. "Qarabağ” kimi "Keşlə” də bunu etməməliydi. Ediblərsə də, tribunal bu qədər sözəbaxan olmamalıydı.
Mənbə: Futbolinfo.az