"Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Əhmədov oyunu dəyərləndirib: "Kubok oyunları həmişə həyəcanlı olur. Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdı. 12-13 nəfərdən ibarət heyətdi. Əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq”.
Baş məşqçi bu heyətlə iki cəbhədə mübarizə aparmağın çətin olduğunu deyib: "Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindi. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdı. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdı. Çempionat oyunu mənim üçün daha önəmlidi".
Əhmədov köməkçisi Mehman Babayevin dünən məşqdən sonra saxlanılması ilə bağlı xəbərə münasibət bildirib: "Bu barədə məlumatım yoxdu. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdu. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz".
Fanat.Az