Yeni mövsümdən Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə apara bilər.
Bu haqda dünən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə yeni mövsümdən etibarən "Kəpəz" və "Turan Tovuz"un da elitaya qoşulması mümkündü. Sırf bu komandaların adını çəkməsini də Musayev həmin bölgələrdə futbolçu yetişdirmək üçün böyük potensial olması ilə izah edib.
Təbii ki, bu haqda rəsmi qərar olmsa da sevindirici sözlərdi. Xüsusən də gəncəli və tovuzlu azarkeşlər üçün. Məhz bu açıqlamaya görə "Kəpəz" fanatı, eyni zamanda klubun azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyev sevincini bölüşüb.
O Sport7.az-a açıqlamasında bunları söyləyib: "Dünən Ramin Musayev bildirdi ki, yeni mövsümdən "Kəpəz"lə "Turan Tovuz" Premyer Liqada oynayacaq. Yeni ildən 12 gün əvvəl verilən bu açıqlamaya görə gəncəli azarkeşlər çox sevinclidi. Mənə elə gəlir tovuzlu fanatlar da sevinir. Çünki yenidən Premyer Liqaya qayıdırlar. AFFA rəhbərliyinə və PFL-ə minnətdarlığımızı bildiririk.
Uzun illərdi ki, uduzub Birinci Diviziona düşmüşük. "Kəpəz"ə Premyer Liqa yaraşır. Şükürlər olsun ki, komandamız çempionata rəng qatacaq. İstəyərdik ki, hər bir bölgəmizdə futbol olsun. Amma bu bizim işimiz deyil. Qərarı AFFA rəhbərliyi verir. Gəncədə, Tovuzda həmişə azarkeş dəstəyi olub. Bakıdakı oyunlara getməsəm də, televizor qarşısında baxıram. Bakıda azarkeşlər stadiona az gəlir. Bu Azərbaycan futboluna böyük təkan verəcək. Gəncədə "Kəpəz"in hər oyununa 8-10 min azarkeş gəlirdi. İnanıram ki, Bakıda da belə olacaq. Yeni nəfəs, canlanma olacaq. Mən deyərdim ki, derbilərin sayı artır.
Vaxt var idi, "Turan" - "Kəpəz", "Kəpəz" - "Neftçi" derbilərini izləyirdik. Yenə də inanıram ki, bu derbilərə çox maraq olacaq. Arzu edirəm ki, bölgələrin hamısında futbol olsun. Hər halda "Turan"la "Kəpəz"in Premyer Liqaya qayıtması AFFA-nın qərarıdı. Bu klublar qayıtmalıdı. Çünki köklü klublardı, milliyə oyunçular burdan gedir, azarkeşlərin dəstəyi çox olur. Sevincimizin həddi-hüdudu yoxdu. Allah hamısından razı olsun. Bayrama 13 gün qalıb, ancaq biz indidən bayram edirik. Premyer Liqa komandalarına da demək istəyirəm ki, biz gəlirik, möhkəm olsunlar".
Fanat.Az