“Bakı”nın baş məşqçisi postuna “Atletiko”nun sabiq futbolçusu gətirilir. Apasport.az saytının məlumatına görə, serbiyalı Radomir Antiç əsas namizəd olduğu posta həmyerlisi, Madrid klubunda rəhbərliyi altında çempion olmuş Milinko Pantiçin gətirilməyini təklif edib. 47 yaşlı mütəxəssis karyerasını ölkəmizdə davam etdirməyə razılıq verib.
Çində çalışan 64 yaşlı Antiç bakılıların təklifini yaşının çoxuna görə qəbul etməyərək, yaxşı tanıdığı insanı məsləhət görüb. Belə ki, o, “Partizan”dan bələd olduğu hücumameylli yarımmüdafiəçini 1995-ci ildə 29 yaşında “Panionis”dən transferinin əsas təşəbbüskarı olub. Bu, həmin mövsümdə müsbət bəhrəsini verib və “Atletiko” mübarizəni “qızıl dubl”la başa verib. Pantiç 3 il oynadığı, 107 matçda 18 qol vurduğu madridlilərdə hazırkı baş məşqçi Dieqo Simeone və “Bakı”nın “sükanı arxası”na gətirilməyə namizəd sayılan keçmiş qapıçı Joze Molina ilə komanda yoldaşı olub.
O, futbolçu karyerasını bitirdikdən sonra “Atletiko”yta qayıdaraq, aşağı yaş qruplarından başlayaraq məşqçilik edib. Pantiç 2011-ci ilin yayında isə Madrid klubunun əvəzedici heyətinin baş məşqçisi təyin edilib. Əsas komandaya gəlmək şansı da olan serbiyalı “Atletiko”nun veteranlardan ibarət komandası ilə 9 klubun iştirakı ilə liqada oynayaraq, çempion olub.
Pantiçi “Bakı”nın prezidenti Hafiz Məmmədovun şəxsi dəvəti ilə paytaxtımıza gəlmiş “Atletiko”nun rəhbərliyi yaxşı tanıdığından, namizədliyini dəstəkləyib. Baş məşqçinin köməkçilərinin, klubda bir sıra postlarda ispanların olmağı nəzərdə tutulub.
İdman24.az