Deyəsən, çempionluq həsrəti uzandıqca "Neftçi” haqq etmədiyi ofisdə əyləşənlərin özünə bənzəməyə başlayır. Məlum gərginlik naşı idarəçilərin astarını üzünə çevirdikcə, uşaq bağçasını xatırladan Bakı təmsilçisi bir qədər də cılızlaşır, daha gülünc vəziyyətə düşür.
Təbii, "dördüncü növ Avropa məhsulu” - Roberto Bordinə qurtuluş müjdəçisi gözüylə baxanlar indi "kreslolar”ını qorumaq naminə italyanı problemlərin əsas səbəbkarı kimi təqdim etməyə çalışır, mətbuatın çörəyi mədhiyyədən çıxan qisminin köməyi ilə bu fikri ictimaiyyətə sırımağa can atır. Guya klubda hər şey qaydasındadı, sadəcə, işlədiyi ilk mövsümdə hegemon "Qarabağ”a "diş göstərən” Bordin sonradan zəifləyib. Futbolçuymuş kimi formadan düşüb, daha "dartmır"... Normal məntiq anlayışından əsər-əlamət yoxdur, deyilmi?
Qış fasiləsi ərəfəsində ictimaiyyətin reaksiyasını öyrənmək, vəziyyətlə barışmayan tərəfdarların fikirlərini azdırmaq əsas məqsəd idi. Yəqin ki, bu məqsədlə əcnəbi çalışdırıcının istefaya göndəriləcəyi ilə bağlı informasiyaları mətbuata ötürən idarəçilər indi də növbəti naşılığın fəsadları ilə üz-üzədir.
Hə, "ağ-qaralar”ın düşərgəsindən gələn ardıcıl xəbərlər belə düşünməyə əsas verir. Öncə Dario Federikonun baş məşqçini söydüyünə görə Türkiyə toplanışına aparılmadığını eşitdik. Sabiq "Qəbələ”li - Stiven Monroz isə pasportunun itdiyini bəhanə gətirib Türkiyə səfərinə hamıdan sonra yollandı...
İndi də Baqali Dabo düşərgəni bir-birinə qatıb. Fransalı hücumçu "Lodz"la yoxlama oyununun (0:4) 20-ci dəqiqəsində əvəzlənməsinə sərt reaksiya verib, Bordinin üstünə şığıyaraq yaxasından tutmağa çalışıb, ünvanına aşağılayıcı ifadələr səsləndirib, hamıya eyni gözlə baxmadığını çalışdırıcının üzünə vurub.
Sınaq qarşılaşmasındakı ağır yenilginin "Neftçi”nin imicinə yaraşmadığını vurğulamaq niyyətindən çox uzağıq. Nə yazıq ki, "xalq komandası”nın indiki imiciylə ümumi nəticələr düz mütənasibdir. Hökm sürən xaos dumanından isə yumruğunu masaya vura bilməyən başqanın – Kamran Quliyevin siması boy göstərir. "Sumqayıt”ı bir gecədə "Neftçi”yə dəyişən adam qorxunc vəziyyətin fərqinə varmadan prezident postunda icraçı-direktor funksiyasını yerinə yetirir.
Az qala yaddan çıxmışdı... Çomağın o biri başı da var axı... Bəlkə də "fürer"indən ilanı Məmmədhəsənin əliylə tutmaq tapşırığı alan Quliyev özü futbolçuların Bordinə qarşı hörmətsizlik etməsinə şərait yaradır ki, onu zurna-balabanla yola salacaqları tarixdə "yuxarılar”a göstərməyə tutarlı səbəblər olsun.
Bütün hallarda AFFA-nın baş katibinin istəyi ilə "Sumqayıt”dakı otağını Bakı klubundakı meşin qapının arxasına dəyişən Quliyev futbol qurumundakı rəhbərinin sonunu gözləməli, yaya qədər dözməlidi. Axı bu yay himayədarının - Elxan Məmmədovun da sonu gələ bilər...
Odur ki, şoulara baxmaqla kifayətlənməyin. Sizə göstərmək istədiklərinə yox, səhnə arxasında yaşanan acı gerçəkliklərə diqqət yetirin. Adları xarizmasına, xarakterinə uyğun incələyin, baş verən ardıcıllıqlarda əlaqə axtarın. Hə, hər şey bu qədər sadədir.
TOPÇUBAŞI