"Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu".
Fanat.Az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalyada Polşa təmsilçisi "Arka"nı 1:0 hesabı ilə yendikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
39 yaşlı mütəxəssis rəqibin fiziki cəhətdən yaxşı komanda olduğunu söyləyib: "Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır. Uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burda bir oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm".
Qeyd edək ki, ilk yoxlama görüşündə Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzan "Sumqayıt" növbəti matçında Rumıniya "Politexnika"sı ilə bərabərə qalıb - 1:1.
Fanat.Az