AFFA İcraiyyə Komitəsinin (İK) köhnə-yeni tərkibinin ilk iclasında yığmanın boş qalan baş məşqçi postu ətrafında da müzakirə açılıb. Elxan Məmmədova inansaq, fərqli fikirlərin bolluğunda ortaq rəy formalaşdırmaq mümkün olmayıb. Yəni İK üzvləri 32 namizədin kimliyi ilə tanış olmalı, növbəti iclasda 13-15 nəfərlik daha qısa siyahı ətrafında müzakirə getməlidi. İTV-də çalışan həmkarımız Tural Dadaşov isə Məmmədovun əlinin altındakı vərəqlərdə adı yazılan beş məşqçini müəyyənləşdirib. Bunlar Canni Di Byaci, Luici Di Byaco, Çezare Prandelli, Oleq Kononov və Branko İvankoviçdi. Deyilənə görə, qalan 27 namizəd arasında həm yerlilər var, həm də əcnəbilər. Düzdü, daha orasını bilmirəm ki, Elxan bəy yerli mütəxəssislərlə bağlı da belə rəngli təqdimatlar hazırlayıb, ya yox.
Təbii ki, dünyanın bütün işsiz məşqçilərinin adını yazmaqla nəzəri cəhətdən
nəinki 32, hətta 320 nəfərlik siyahı da hazırlamaq mümkündü. Əlbəttə, məntiqi və
reallıq hissini unutmaq şərti ilə. Adam, sənin futbolunun müəyyən özəllikləri,
yığmanın bəlli oyun üslubu var. Hansısa siyahı hazırlayarkən ilk növbədə məhz
belə məqamlara diqqət yetirmək lazımdı. Bizimkilər atletik-fiziki hazırlığa
söykənən futbol oynamağı bacarmır e, zorla deyil ki. Bu məsələdə məhz illərdi
formalaşan ənənələr, ölkənin futbol irsi baza rolunu oynamalı, onun üzərində müəyyən
şəkil dəyişiklikləri edilməlidi. Yoxsa sən futbolunu köklərindən qopar, azərbaycanlıdan
italyanın müdafiə bacarığını, almanın əzmkarlığını, ingilisin sürətini um, görməyəndə
də de ki, istədiyimi ala bilmirəm. Ala bilməzsən və almayacaqsan da.
Əvvəla, mən elə hesab etmirəm ki, yerli məşqçi nəsli mamontlar kimi çoxdan
ölüb-qurtarıb. Bu gün də ən azı Yurçeviçin nəticəsini təkrarlamağa qadir yerli
mütəxəssislər var. İkincisi, bir ölkənin futbol qurumu yığmasını niyə belə
ucuzlaşdırsın, lot əvəzi hərraca çıxarsın ki? Elxan bəy və ona "düzdü, düzdü”
deyən bəylər Azərbaycan yığmasını evlilik proqramlarına çıxan, özünə ər axtaran
xanımlara bənzədirlər. Deyirlər ki, gəlin adayının keyfiyyətləri budu, yaxın
durmaq istəyən varsa, buyursun. İndi bu 32 nəfər sıraya düzüləcək, biri "gəlin”in
dişinə, o biri qaşına-gözünə, üçüncü Allah bilir, harasına baxacaq və beləcə Azərbaycan
yığması yeni çalışdırıcısına qovuşacaq.
Təbii ki, ölkə futbolunun real potensialından xəbərdar olan istənilən
başqa yazar kimi, mənim də yığmanın gələcəyi, perspektivləri ilə bağlı hansısa
illüziyam yoxdu. Bununla belə, baş məşqçi postu ətrafındakı belə qeyri-ciddi
oyunları, faktiki vəzifənin hərraca çıxarılmasını da qəbul edə bilmərəm. Ölkənin
rəmzlərindən biri ilə belə oynamaq yaraşan hərəkət deyil. 30 milyon manatlıq
büdcəniz var, nə qədər oyun mexanizmi qurursuzsa-qurun, daha binəva yığmanı niyə
oyunlarınıza alət edirsiz?
HUŞƏNG, "Futbol+” qəzeti