"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 15-ci turu çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
"Hər kəsi çempionatın bərpası münasibətilə təbrik edirəm. Bilirdik ki, toplanışdan sonrakı ilk oyun ağır olacaq. Söhbət məhz ilk oyundan gedir. Qələbə qazanmağımız xoşdu. Çox yaxşı oynadığımızı deyə bilərəm. Uşaqların hamısı mübarizə apardı. "Qəbələ”yə də bu cür oyuna görə təşəkkürümü bildirirəm. Ruslan Qurbanovun yoxluğu bizim üçün itki idi. Mənə hər şeydən vacib olan qələbə qazanmaq idi. Oyunçularıma təşəkkür edirəm.
Fasiləyə komfortlu hesabla yollandıq. İkinci hissədə isə rəqib sürəti artırdı. Buraxılan qoldan sonra komanda bir qədər geri çəkilmək məcburiyyətində qaldı ki, bunu da başa düşmək olar.
Ruslan Qurbanov sırada olsaydı, Qadoyevə daha tez şans verərdim. Məhz limit səbəbindən onu gec oyuna qoşmağımıza səbəb oldu. O, artıq komandaya tam uyğunlaşıb.
Turnir cədvəlinə baxmıram. İndi kimin hansı sırada olmasının heç bir əhəmiyyəti yoxdu”. (Sport24.az)
Fanat.Az