"Neftçi” rəhbərliyinin reallıqla uzlaşmayan çempionluq arzuları, "ağ-qaralar”ın bəzi futbolçularının ikinci yerlə indidən barışmadığını dilə gətirməsi başadüşüləndi.
Əlbəttə, Bakı təmsilçisindən ötən ay göndərilən Roberto Bordin bu komandanın əsas problemi deyildi. Onun gedişindən sonra vəziyyəti bir qədər də qəlizləşən "xalq komandası”nın səriştəsiz idarəçiləri son illərin ən zəif "Qarabağ”ının öhdəsindən gələcək bacarıqda deyil.
Şübhəsiz, Bordinin köməkçilərindən olan Füzuli Məmmədovun işinə 2 oyuna görə qiymət vermək niyyətindən uzağıq. Ancaq bu çalışdırıcının "Qarabağ”la görüşdə 0:0 hesabına nail olmasını böyütmək azarkeşləri dolamaq cəhdidi. Bakılılar Riçard Almeyda və Dani Kintananın timsalında "açar oyunçular”ını itirən, gedən əcnəbilər üzündən oyun dəsti-xəttini dəyişmək məcburiyyətində qalan ağdamlılara yaxşı müqavimət göstəribsə, bunun harası yaxşıdı? Aradakı 8 xallıq fərqi "əritmək" hədəfi ilə meydana çıxan "Neftçi” bu matçda yalnız qələbə qazanmalı olduğu halda, heç-heçəyə razılaşdı. Üstəlik, hakimin sayəsində yenilgidən qaçdı. Abdullah Zubirin yerdə qaldığı epizodda Rauf Cabbarov qətiyyətli olsaydı, Məmmədovun komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edərdi... Yəqin ki, görüşdə başqa qol da olmazdı...
Yanvara qədər Avroliqanın qrupunda oynadığına görə ölkə çempionatına bütün gücünü qoya bilməyən, yeni ildə aparıcı oyunçularını itirən Ağdam komandasını "zirvədən qoparmaq” yenə mümkünsüz missiyaya bənzəyir. Çox böyük ehtimalla, Bakı komandasının uzun sürən həsrəti ən azı, 2021-ci ilin mayına qədər uzanacaq. SOCAR-da və AFFA-da əyləşənlər Kamran Quliyevin ölkənin ən "qocaman” klubuna uyğun "çəki”də idarəçi olmadığını qəbul edənə qədər paytaxt təmsilçisinin azarkeşləri ürəkdən sevinməyəcək. Başqa sözlə, "Neftçi” işini bilən, AFFA-nın "baş vəzir”i Elxan Məmmədovun əmrindən çıxmağa qorxmayan, xarizmalı başqana tapşırılanadək "Qarabağ”a aşağıdan yuxarı baxacaq!
Hə, bakılılar son dueldə pis oynamadı. Hətta Namiq Ələsgərovun qol vurmaq üçün yaxşı fürsəti də oldu. Amma başabaş mübarizəni əldə bayraq etmək çabası çox gülüncdü. Guya Bordin dönəmində "ağ-qaralar” ağdamlılara qarşı bundan yaxşı oyun keçirməyib? Guya italyan yola salınmamışdan öncə sərgilənən futbolda heç bir canlanma sezilməyib? 2018/19 mövsümünü yada salsaq, yetər. Heç əlavə şərhə ehtiyac da qalmaz. Qısası, Bordinin göndərilməsi ilə müsbətə doğru nəyinsə dəyişdiyini söyləməyə heç bir əsas yoxdu. Elitada baş məşqçi kimi təcrübəsi olmayan Füzuli bəyin mayda çempionluq kubokunu başı üzərinə qaldırmaycağı da dəqiqdi. Öyrənə, təcrübə qazana, əsas söz sahibi olmağın çətinliklərini anlaya bilər.
Digər tərəfdən, sınaq poliqonuna çevrilmiş "xalq komandası”nda əcnəbi mütəxəssislərə böyük pullar "yedirtməkdənsə”, yola salıb yüz minlərlə təzminat ödəməkdənsə, özümüzünkülərə şans vermək yaxşıdı...
"Sumqayıt”la görüşdə ofsayddan qol vuraraq yenilgidən qaçan, "Qarabağ”la qarşılaşmada qapısına penalti verilməyən komanda zərrə qədər də "artırmayıb”. Qış nağıllarına nağıllarla ovunanlar və reallıqdan əli üzüldüyünə görə ümidi möcüzəyə qalanlar inanar. Bu qədər sadə...
TOPÇUBAŞI
Fanat.Az