"Geniş danışılası bir şey yoxdu. Pis odu ki, böyük hesabla, evdə məğlub olduq. Mübarizəsiz təslim olduq. Bu, böyük problemdi. Təslim olmaq fikrimiz yoxdu, turnir cədvəlində 5-ci pillədə qərarlaşmışıq, kubokun yarımfinalındayıq. Hesaba görə nə tədbir lazımdır, komandanın daxilində görüləcək".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qarabağ”a 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Zirə"nin futbolçuları son 2 oyunda 3 qırmızı vərəqə alıb. Baş məşqçi intizamsızlığın səbəblərini belə izah edib: "Bu, ən böyük problemdi. Yəqin ki, qələbə istəyi çoxdu. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun".
Zaur Həşimov azarkeşlərin istefa tələbi ilə bağlı bunları deyib: "Azarkeşin istefa tələb etməsi normaldı. Onlar qələbə gözləyirlər. Səhv etmirəmsə, "Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Çünki qələbə gözləyirlər. Onlara deyəsi bir söz yoxdu".
Fanat.az