Azərbaycan millisinin gənc forvardı Renat Dadaşov "Vulverhempton”un əsas komandasında debüt etmək şansı yaxalayıb.
Fanat.Az Vitalfootball-a istinadən xəbər verir ki, "canavarlar”ın çalışdırıcısı Nunu Eşpirintu Santu Avropa Liqasının 1/16 final matçında – "Espanyol”la görüşdə bir neçə əsas heyət üzvünə istirahət verməyi planlaşdırır. . Premyer Liqanın 27-ci turunda autsayder "Norviç”i qəbul edəcək kollektivin çalışdırıcısı çempionat matçında 3 xalı hədəfləyib.
Mütəxəssisin U-23 komandasında özünü yaxşı tərəfdən göstərənləri əsas komandada görmək istəyi var. Bu isə o deməkdir ki, Renat perspektiv vəd edən oyunçu qismində Azərbaycan adına tarixi ilkə imza ata bilər.
Yeri gəlmişkən, Renat Dadaşov "adidas”la fərdi müqavilə imzalayıb. Məşhur idman brendiylə anlaşmanın müddəti 3 ili əhatə edir. İnformasiyanı futbolçu özü sosial şəbəkədə paylaşıb.
Fanat.Az