Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas” klubunda top qovan Riçard Almeyda fikirlərini bölüşüb.
Fanat.Az "tellerreport.com” saytına istinadən xəbər verir ki, "Emirates Today” nəşrinə danışan Azərbaycan millisinin braziliyalı üzvünü dinləyək: "Çempionatda irəliləmək və titul qazanmaq üçün əla şansımız var. Bu fürsətdən yararlanmalıyıq”.
"Prezident kuboku”nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli Dubay” klubunu 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışan Almeyda, "Baniyas”ın 2020-ci ildəki ən vacib qolunu vurduğunu deyib: "Əl-Əhli” kimi böyük klubu yenməyin ayrı ləzzəti var. Liqada yenidən bu komandalar qarşılaşanda da qələbə qazanmaq istəyirik”.
Cənubi amerikalı kubokun yarımfinalına vəsiqə qazanmalarında komandanın baş məşqçisi Vinfrid Şeferin böyük rolunun olduğunu söyləyib: "Ötən həftə yaxşı məşq etmişdik. Hamının bütün fikri kubokda mərhələ adlamaq idi. Təbii ki, qələbədə əsas rolu Şefer oynadı”.
Almeyda "Baniyas”ın hədəfləri haqda da 3 cümlə deyib:
"Kubokda ağır oyun keçirərək yarımfinala vəsiqə qazanmışıq. Hər oyuna ciddi yanaşmalıyıq. Bu mövsüm əsas hədəflərimizdən biri Asiya Çempionlar Liqasına vəsiqə qazanmaqdır”.