AFFA İcraiyyə Komitəsinin fevralın ortlarına planlaşdırılan növbəti toplantısının Millətlər Liqasının yeni mövsümünün püşkatmasından - martın 3-dən sonraya qaldığı artıq rəsmən təsdiqlənib.
Fanat.Az xəbər verir ki, ölkənin futbol məmurları millinin boş qalmış baş məşqçi postuna Millətlər Liqasındakı rəqiblərimizin kimliyi bilinəndən sonra yeni çalışdırıcı gətirəcək.
AFFA özünə yaxın KİV-lər vasitəsi ilə 6 mütəxəssis üzərində dayandıqlarını bəyan etsə də, əslində vəziyyət fərqlidi. Əldə etdiyimiz son bilgiyə görə, futbol qurumu yanvarın 28-də icraçı vitse-prezident (həm də baş katib) Elxan Məmmədovun bəyan etdiyi 32 nəfərlik namizəd siyahısında yer alanların 19-u ilə ilkin danışıqlar aparılıb.
Bu sayda mütəxəssisin yarısından çoxu Azərbaycan yığmasında çalışmaq təklifini dərhal rədd edib. Qalan 9 nəfərin arasından isə yığmanın "sükan”ı həvalə ediləcək 2 potensial çalışdırıcı müəyyənləşdirilib. Yəni İK-nın böyük ehtimalla, 5-7 mart aralığında gerçəkləşəcək növbəti toplantısında komitə üzvlərinin böyük qisminin öz aralarında çoxdan müzakirə etdiyi, adları ictimaiyyətdən gizlədilən 2 əcnəbidən biri baş məşqçi postuna "əyləşdiriləcək”.
Sonda bir maraqlı məlumatı da diqqətinizə çatdıraq. Gözü Xorvatiya "bazar”ından qorxan AFFA rəsmiləri bu dəfə sözügedən ölkədən olanların heç birinin adını qısa siyahıya salmayıb.
Fanat.Az