"Zirə”nin baş məşqçisi Zaur HəşimovAzərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib.
"Report”un məlumatına görə, mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Evdə qələbə qazanıb turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun gedişatı dəyişdi. Təəssüf ki, bu turda istəyimizə nail ola bilmədik.
- Hər iki qolda Orxan Sadıqlının səhvi var idi.
- Bir neçə oyundur bu barədə danışılır. Qapımıza vurulan hər zərbə az qala qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum.
- İkinci hissədə sönük olmağınız nə ilə bağlı idi?
- Əslində, bir neçə hücumumuz oldu. Hesabda öndə olanda istər-istəməz komanda geri çəkilir.
- Meydanın mərkəzində top ötürən yox idi. Cavid Hüseynov olmayanda bu işi görə biləcək futbolçunuz yoxdur?
- Komandada böyük problemlər var. Cavid cəzalı, Tellur isə zədəlidir. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyə meyllilər idi. Buna görə də orada topu saxlamaqda çətinlik çəkirdik.