Azərbaycan Premyer Liqasının matçlarında sözün əsl mənasında oyun çıxaran hakimlər yerli azarkeşlərin bu idman növünə olan-qalan marağını da əlindən alacaq. Şübhəsiz, naşı fit sahiblərinin oyunların nəticəsinə təsir edən silsilə xətaları fonunda qərəz qoxusu da duyulmaqdadı.
Mövcud rəzalətə münasibət təbii ki, birmənalı deyil. "Qarapaltarlılar”ın sifarişlə işləməsi həm sosial mediada, həm də futbol ictimaiyyətində tez-tez qabardılır. "Neftçi”yə Fritz Ştuxlikin rəhbərlik etdiyi Hakimlər və Hakim – İnspektorlar Komitəsi tərəfindən dəstək verilməsi, "Qarabağ”ın demək olar ki, hər matçda həm də hakimlərlə mübarizə aparmaq məcburiyyətində qalması haqda dövri idman mətbuatında onlarla yazı tapmaq olar.
Fanat.Az-ın məlumatına görə, məsələnin başqa tərəfi də var. Silsilə biabırçılıqların arxasında VAR sevdası yatır. Əlbəttə, videotəkrar sisteminin quraşdırılmasının müsbət tərəfləri çoxdu. Dünya futbolunda özünü doğruldan metoddan faydalanmağa dəyər. Ancaq bunu Azərbaycan Premyer Liqasında tətbiq etmək üçün böyük vəsait də lazımdı. Söhbət hansısa yüzminlərdən yox, milyonlardan gedir. "Yuxarılar”ı tələsdirmək, VAR-ın tətbiqini mümkün qədər tez həyata keçirmək üçün hakim səhvlərinin sayının artması olduqca önəmlidi. Belədə, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov milyonların ortaya atılmasına ciddi səbəb göstərərək nail olacaq.
Fanat.Az