Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi" öz meydanında "Səbail”lə 1:1 hesablı bərabərliyə razılaşıb.
Fanat.Az xəbər verir ki, matçın ardından "dənizçilər"in forvardı - uzatma dəqiqələrində qol vuran Rauf Əliyev jurnalistlərin sualları cavablandırıb.
- "Neftçi” ilə oyunu necə
dəyərləndirərdiz? Son dəqiqələrədək xal qazanacağınıza ümid var idi?
- "Neftçi” evdə oynayırdı, üstün idilər. Çempionluq üçün mübarizə
apardıqlarından bizi çətin oyun gözlədiyini də bilirdik. Onu hiss etdirdilər.
Çox epizod oldu, fərqləndilər. Son dəqiqələrdə bütün komanda ilə hücuma
atıldıq. Qolu vura bildik və çox vacib bir xal qazandıq.
- Oyundan öncə sosial
şəbəkələrdə "Səbail”in "Qarabağ” üçün oynayacağı, sonadək döyüşəcəyi qeyd
edilirdi. Siz həqiqətən "Neftçi”ni büdrətmək üçün mübarizə aparırdız, yoxsa
özünüz üçün meydana çıxmışdız?
- Belə bir şey yoxdur. "Səbail” "Qarabağ”ın ikinci komandası deyil. Biz özümüz
üçün oynayırıq. O biri klublarla xal fərqimiz elə çox da deyil. İndi sosial
şəbəkədə hər şey yazırlar. Rəylərə də baxırsan, bir xal qazanan kimi deyirlər
ki, "Qarabağ”a kömək edir. Digər matçda isə başqa kluba kömək etdiyini
yazırlar. Bu, olan şeydir.
- Sabiq komandanızı
cəzalandırdığınızdan bu matçı sizin üçün özünü sübut oyunu saymaq olarmı?
- Əsas odur ki, qol vurdum. Buna çox sevinirəm.
- Amma fərqləndikdən sonra
"Neftçi”yə nəsə jest etdiz...
- Bir-iki nəfər vardı, artıq onlar cavablarını aldılar. Bu, futbolçular deyil.
Özləri kimləri nəzərdə tutduğumu bilirlər.
- "Səbail” qış fasiləsində "Qarabağ”dan
sonra hansısa kluba uduzmur. Bunu nə ilə əlaqələndirərdiz?
- Mən yeniyəm. Hamı hazırlaşır. Məqsədimiz inamlı oynamaqdır. "Qarabağ”la
matçda da 80-ci dəqiqədə qol buraxdıq. Bir xala yaxın idik. "Qəbələ”, "Keşlə”
ilə görüşlərdə də yaxşı çıxış etdik. Uğurlu seriyamızı davam etdirmək istərdik.
-
"Neftçi”də hansısa dəyişiklik hiss edilmir. Oradan ayrıldığınıza, qollar
vurduğunuza sevinirsizmi?
- Ordan getməyimin xeyri daha çox oynamağımdır. Bu yaşadək hara getmişəmsə daim
meydanda olmuşam. Amma "Neftçi”də az oynamışam. Avropa Liqasında çıxış etsəm
də, çempionatda az şans verildi. Soruşduqda, problemi bir-birinin üzərinə
atırdılar. Amma "Səbail” oynayacağım yerdir. Ola bilər ki, "Neftçi” çempionluq
üçün mübarizə aparır, bizim iddiamız azdır. Əsas oynamağımdır və "Səbail”
mənim üçün daha rahatdır.
Fanat.Az