Hələ də baş məşqçisiz olan yığmamız püşkatma mərasimi dünən keçirilən UEFA Millətlər Liqasının 2020/21 mövsümündə C liqasının 1-ci qrupunda mübarizə aparacaq.
Fanat.Az-ın məlumatına görə, seçməmiz Monteneqro, Kipr və Lüksemburqla üz-üzə gələcək. Qrupda Azərbaycan yığması üçün tanış olmayan rəqib yoxdu. Hər 3 komanda ilə qarşılaşmışıq.
Birinci səbətdən çıxan Monteneqro ilə AÇ və DÇ-lərin seçmə mərhələlərində oynamamışıq. 10 il öncə Podroqitsada yoldaşlıq görüşündə gücümüzü sınayıb yenilmişik - 0:2. Berti Foqtslu seçmənin həmin oyunu yeganədi. AVRO-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriya ilə səfərdə 2:2, ovaxtkı "Şəfa” stadionunda 2:1 hesablı qələbəmizlə bitən uğurlu duelləri də yada salmaq olar. Həmin vaxt Azərbaycan səfər qarşılaşmasını məhz Podqoritsada keçirmişdi.
17 noyabr, 2010. Podqoritsa. Yoldaşlıq görüşü. Monteneqro – Azərbaycan – 2:0
İkinci rəqibimizlə - Kiprlə də yolumuz seçmə tsikllərdə kəsişməyib. 1996-cı ildə Kazbek Tuayevin rəhbərlik etdiyi əsas yığmamız yoxlama görüşündə ada təmsilçisinin U-21 millisini 2:0 hesabı ilə udub. Maraqlıdı ki, sonradan tərəflərin qarşılıqlı razılığı əsasında bu qarşılaşma əsas komandaların dueli kimi qeydə alınıb.
20 fevral, 1996. Nikosiya. Yoldaşlıq görüşü. Kipr (U-21) – Azərbaycan – 0:2
Avropa "cırtdanlar”ının ən güclüsü sayılan Lüksemburqa gəlincə, bu komanda ilə 3 dəfə üz-üzə gələn təmsilçimiz yenilgi acısı dadmayıb. Qitədə son vaxtlar fərasətli "cırtdan” imici formalaşdıran kollektivi 10 il öncə səfərdə üstələmişik. DÇ-2014-ün seçmə mərhələsinin oyunlarında isə bərabərlikdən artığına gücümüz çatmayıb. Komandamızı Lüksemburqla bütün oyunlara Berti Foqts çıxardıb.
3 mart, 2010. Lüksemburq. Yoldaşlıq görüşü. Lüksemburq – Azərbaycan – 1:2
22 mart, 2013. Lüksemburq. DÇ-2014-ün seçmə mərhələsinin oyunu. Lüksemburq – Azərbaycan – 0:0
7 iyun, 2013. Bakı. DÇ-2014-ün seçmə mərhələsinin oyunu. Azərbaycan – Lüksemburq – 1:1
Gördüyünüz kimi, 3 rəqiblə 5 matçda qeydə alınan ümumi statistikamız belədi: 2 qələbə, 2 heç-heçə və 1 yenilgi. Azərbaycan bu oyunlarda 5 qol vurubsa, 4 dəfə oyuna mərkəzdən başlamalı olub.
Fanat.Az