UEFA növbəti ildən Yay Çempionlar Liqası adlanan yeni turnirə start vermək niyyətindədi. "Relevent Sports" şirkətinin təklifi qurum tərəfindən bəyənilib.
Fanat.Az xəbər verir ki, UEFA bu yolla FIFA-nın təqvim üzərindəki nəzarətini azaltmaq istəyir. Sözügedən turnir hər il yay aylarında keçirilən Beynəlxalq Çempionlar Kubokunun davamçısı olacaq.
"Daily Mail"-in məlumatına görə, Yay Çempionlar Liqasının 2021-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Turnir Çinin ev sahibliyi edəcəyi və FIFA-nın yeni layihəsi olan Klublararası Dünya Çempionatı ilə üst-üstə düşə bilər.
İngiltərə Premyer Liqasının əsas klublarının Yay Çempionlar Liqasında iştiraka müsbət yanaşdıqları bildirilir. Əvvəlki formatdan fərqli olaraq, turnirdə iştirak edəcək komandalar dəvət əsasında müəyyənləşməyəcək. Onların daxili çempionatlardakı yeri əsas götürüləcək.
Qeyd edək ki, "Relevent Sports" şirkəti Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdı.
Fanat.Az