18 martda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan "Barselona" - "Napoli" matçı bağlı qapılar arxasında oynanılacaq.
Fanat.Az xəbər verir ki, Kataloniya İdman və Səhiyyə nazirliklərinin birgə iclasında koronavirus epidemiyasının yayılması səbəbindən oyuna azarkeşlərin buraxılmaması qərara alınıb.
"Barselona" tarixində ikinci dəfə doğma meydanında azarkeş dəstəyindən məhrum olacaq. Daha əvvəl "Barsa"nın 2017-ci ilin oktyabr ayında "Las-Palmas"la oynadığı matç Kataloniya müstəqillik referendumu və sonrasında baş verən iğtişaşlar səbəbindən boş tribunalar önündə keçirilmişdi.
"Napoli" və "Barselona" arasındakı ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı.
İtaliya hazırda Çindən sonra koronavirusun ən çox yayıldığı ölkədi. Orada 9 mindən çox insan epidemiyaya yoluxub. İspaniyada isə koronavirus daşıyıcılarının sayı 1200-ü keçib.
Fanat.Az