AFFA-nın Azərbaycan millisinin "sükanı arxası”na gətirmək istədiyi 2 əsas namizəddən biri olan Canni De Byazi ilə bağlı planları pozulub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, son iş yeri İspaniya "Alaves"i olan çalışdırıcıyla ilkin danışıqlar müsbət nəticə verib. Maddi şərtlərlə maraqlanan italiyalı AFFA-dan aldığı təklifi ön plana keçirib.
Lakin 2011-17-ci illərdə Albaniya yığmasına başçılıq edən De Byazi hazırda vətənindədi. Dünyada tüğyan edən koronavirus pandemiyasının əsas ocaqlarından olan İtaliya bütün ölkələrlə sərhədləri bağlayıb. Təbii ki, "Buzovlar ölkəsi”nin hava limanlarında beynəlxalq uçuşlar da qeyri-müəyyən müddətə təxirə salınıb.
Malta toplanışı məlum səbəbdən ləğv edilən millinin baş məşçi məsələsinin açıq qalması, son dəfə yanvarın 28-də bir araya gələn İcraiyyə Komitəsinin (İK) növbəti iclasının ləngidilməsi məhz italiyalı çalışdırıcının "mühasirədə qalmasından” irəli gəlir.
Qeyd edək ki, AFFA-nın adı ictimaiyyətdən gizli saxlanılan ikinci namizədi də avropalıdı.
Fanat.Az