Dünyanın əksər ölkələrində koronavirus pandemiyası səbəbindən çempionatlar dayandırılsa da, Nikaraqua birinciliyi davam edir.
Fanat.Az xəbər verir ki, iki nəfərin bu virusdan öldüyü ölkədə rəsmi qurumlar idman yarışlarını təxirə salmaq üçün yetərli səbəblərin olmadığını bildirir.
Amma futbolçular rəsmi şəxslərlə eyni fikirdə deyil. "Diriangen" və "Deportivo Okotal" klubları arasında keçirilən matçda oyunçuların etiraz aksiyası damğa vurub. Belə ki, "Diriangen"in futbolçuları meydana tibbi əlcəklər və maskalarla çıxıb.
Komandanın uruqvaylı futbolçusu Joze Bernardo Alveş bu addımlarının səbəbini belə izah edib: "Hər şey ötən çərşənbə axşamı başladı. Oyunun fasiləsində baş məşqçimiz Nikaraqua ilə koronavirusa yoluxmanın qeydə alındığını bildirdi. Onun sözləri bizi narahat etdi. Sonra oyunların azarkeşsiz keçirilməsinə qərar verildi. "Deportivo Okotal" maçtına çıxmağa məcbur idik. Buna komanda olaraq birlikdə qərar verdik. Əlcək və maska ilə oynamaq qəribə idi, amma bunu belə eləməli idik. Bu yolla insanların diqqətini çəkdik. Çox çətin idi. İlk 20 dəqiqədən sonra maskanı çıxardım, nəfəs ala bilmirdim".
Fanat.Az