BİZİM FUTBOL: Fransada "papaqdan dovşan çıxaran" səfər qolçusu - VİDEO
Müxtəlif Azərbaycan klublarında oynayan Vüqar Nadirovu azarkeşlər beynəlxalq matçlarda sözünü deyə bilən oyunçu kimi xatırlayır. Ona səfər qolçusu da deyə bilərik. Statistika faktı təsdiqləyir. Lakin bu yazıda rəqəmlər üzərində dayanmaq niyyətindən uzağıq.
Sürəti, cəldliyi, qüvvətli zərbələri ilə seçilən 32 yaşlı vinger "Masallı”, "Xəzər Lənkəran”, "Karvan”, "İnter” (indiki "Keşlə”) və "Səbail”də də oynasa da, fanatlar üçün əsl "Qarabağ”lıdı.
Üst-üstə 11 il Ağdam komandasının uğurları üçün çalışan (2001-2015, 2009-2015, 2016-2017) cinah hücumçusu "köhlən atlar”ın formasıyla 211 rəsmi matça çıxıb. Bu qarşılaşmalarda 28 dəfə rəqib qapılarına yol tapan Nadirov 2004-cü ildən dəvət aldığı millinin də əsas oyunçularından biri olub. Əsas yığmanın heyətində 61 matça çıxan Vüqar 4 qol vurub.
Şübhəsiz, haqqında danışdığımız futbolçunun karyerasının "Xəzər Lənkəran” və "Karvan” bölümlərində də parlaq anlar tapmaq olar. Onun futbolsevərləri sözün əsl mənasında, vəcdə gətirdiyi bir neçə məqamı isə yenidən yada salmağa dəyər.
2010/11 mövsümüdə Avroliqanın 3-cü təsnifat mərhələsinə yüksələn "Qarabağ” Krakov "Visla”sı ilə ilk görüşü səfərdə keçirdi. Matça ehtiyat oyunçular skamyasında başlayan Nadirovu 68-ci dəqiqədə Rauf Əliyevin əvəzinə döyüşə atan Qurban Qurbanov düzgün qərarın bəhrəsini dərhal gördü. Saniyələr sonra meydan sahiblərini cəzalandıran "17 nömrə”nin qolu matçda yeganə oldu. Cavab qarşılaşmasında "Qarabağ" 3:2 hesablı qələbə qazanaraq tarixində 2-ci dəfə AL-in pley-off mərhələsinə yüksəldi. Təbii, cavab matçının ilk yarısını qonaqlar üçün kabusa çevirən (təmsilçimiz hər 3 qolu birinci hissədə vurmuşdu) Ağdam komandasının doğma publika önündə həyəcansız oynamasının əsas səbəbi səfərdə qazanılan nəticə idi:
2014/15 mövsümündə tarixində ilk dəfə Avroliqanın qrupuna düşən Qurbanovun komandasının səfərdə "Sent Etyen”ə qarşı keçirdiyi matç nəinki əsl futbol azarkeşlərinin, bu idman növüylə səthi maraqlananların da yaddaşından silinməyəcək. Maksim Medvedevin uzun ötürməsini qolunun köməyi ilə ram edən Vüqar belə desək, mükəmməl aşırma zərbə ilə papaqdan dovşan çıxardı:
Almaniya səviyyədə rəqibi yenmək Azərbaycan millisi üçün mümkünsüz missiya sayıla bilər. Ancaq bundestimə qol vurmaq (buna bir yox, 2 dəfə nail olmuşuq), qapısı qarşısında təhlükəli vəziyyət yaratmaq da böyük matçlarda iz qoymaq anlamındadı. Bəlkə də Nadirovun bu mükəmməl zərbəsi qolla nəticələnsəydi, yığma öz meydanında sürpriz heç-heçəyə (qələbə yazmaq, eyforiya olar) imza atacaqdı:
Sonda qeyd edək ki, hələ futbolçu karyerasını bitirməyən Vüqar hazırda klubsuzdu. O, "Baku Sportinq" akademiyasının direktoru kimi fəaliyyət göstərir.